İyulun 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.
Bu barədə FED.az-a AZAL-ın mətbuat xidmətindən bildirilib.
Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.
"Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək", - məlumatda deyilir.
AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.
Qeyd edək ki, sözügedən istiqamət üzrə biletlərin bir tərəfə qiyməti 465 manatdan başlayır.