Bakıda "Capago" şirkətinin viza mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
FED.az xəbər verir ki, mərasimdə çıxış edən Fransanın Azərbaycandakı səfirliyinin konsulu Antuan Simene bildirib ki, "Capago" tərəfindən Azərbaycanda açılmış viza mərkəzi noyabrın 7-dən xidmətə başlayıb: "Bu müddət ərzində mərkəz 3 minə yaxın müraciətçiyə xidmət edib. Fransa viza verilişi prosesini asanlaşdırmaq üçün bu vəzifəni özəl şirkətlərə həvalə edir. Azərbaycanda viza müraciəti edənlərin 80 faizi şirkətin işindən razı qalıb. Ümumilikdə, 2017-ci ildə Azərbaycan üzrə Fransa və bu ölkənin viza təqdim etdiyi digər ölkələr üzrə 15 min viza müraciətinə baxılıb. Müraciətlərdə əhəmiyyətli artım gözləyirik. "Capago" ildə 50 min müraciətçi üçün xidmət etmək potensialına malikdir".
Daha sonra çıxış edən "Capago" şirkətinin baş icraçı direktoru Jan Lyuk Baqroye bildirib ki, şirkət viza müraciətlərini həll etmək üçün Avropa diplomatik şəbəkələrinə dəstək vermək məqsədi ilə 2009-ci ildə yaradılıb: "Mərkəzlərimiz viza müraciətlərinin yerinə yetirilməsi üçün konsulluq xidmətləri ilə daim əlaqədədir. Şirkətimiz viza müraciətlərinə ən yaxşı xidmət etmək üçün yaradılıb. Azərbaycandakı mərkəzdə Fransa ilə yanaşı bu ölkənin viza verdiyi Hollandiya, Belçika, Lüksemburq, İspaniya və Portuqaliya üçün də viza müraciətləri həll edilir"(apa.az).