Azərbaycan və Tayland arasında müntəzəm aviareyslərin yerinə yetirilməsi müəyyən texniki səbəblərə görə növbəti mövsümədək təxirə salınıb.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"ndan (AZAL) məlumat verilib.
“Bu, ilk növbədə bizim hava gəmiləri üçün slotlarla bağlıdır. Bizə verilmiş cədvəl üzrə təyyarə Banqkok hava limanında uzun müddət dayanmışdır, uçuşların digər Asiya ölkələri ərazisində davam etdirilməsi üçün icazə isə bizə hələ verilməmişdir. Bundan başqa, “Buta Airways” loukosterinə 5 “Embraer” təyyarəsinin verilməsini nəzərə alaraq, aviaşirkətin azalan donanması cari cədvəl üzrə daha prioritet istiqamətlərə yönəldiləcək”, - deyə şirkətdən bildirilib.
Şirkətdən əlavə ediblər ki, sözügedən reysin açılması məsələsi gündəmdədir: “Ümid edirik ki, yaxın illərdə donanmaya yeni müasir “Boeing 737 MAX” təyyarələri və 4 ədəd “Boeing 787 Dreamliner” təyyarəsinin əlavə edilməsi ilə sözügedən reysin açılması məsələsi mütləq gündəmdə olacaq”.
Qeyd edək ki, Bakı-Banqkok aviareysinin 2017-ci il oktyabrın 29-dan fəaliyyətə başlayacağı planlaşdırılmışdı.