Azərbaycan Monteneqronun turizm sektoruna pul yatıran ən iri investorlarından biridir.
FED.az xəbər verir ki, bu barədə I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Monteneqronun turizm naziri Simonida Kordiç bildirib.
Nazir bildirib ki, Monteneqronun turizm sektoruna ən böyük sərmayələrdən biri məhz Azərbaycanın yatırımıdır. Bu investisiyanın ümumi dəyəri indiyədək 1 milyard dollara çatır».
Xatırladaq ki, indiyədək Azərbaycan şirkətlərinin Montuneqroya ən böyük yatırımı «Paşa Holdinq» tərəfindən bu ölkədə «Porto-Novi» lüks turizm kompleksi və rezidensiyanın inşasıdır.
«Porto Novi» kurort kompleksi ölkəmizdə ən iri Azərbaycan investisiyasıdır. Kompleks daxilində Avropada yeganə olan “One&Only” hoteli fəaliyyət göstərir. Bu kurort həm yüksəksəviyyəli xidmətləri, həm də təqdim etdiyi unikal istirahət təcrübəsi ilə Monteneqronun turizm strategiyasının nümunəsidir»-deyə nazir bildirib.
Nazir bildirib ki, Monteneqro tərəfi bu əməkdaşlığın daha da artmasını istəyir və azərbaycanlı investoru yatırım etməyə çağırır: «Biz əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq və daha çox azərbaycanlı investoru Monteneqroda yeni səmərəli layihələrə qoşulmağa dəvət edirik».
Simonida Kordiç Monteneqroya azərbaycanlı turistlərin sayının artmasından da razı qalıb. Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Monteneqroya gələn azərbaycanlı turistlərin sayı ötən illə müqayisədə 77 faiz artıb.
Xatırladaq ki, iki ölkə arasında imzalanmış sazişə əsasən azərbaycanlı turistlər Monteneqroya vizasız gedə bilərlər, bu vəziyyət Azərbaycan turistlərinin Monteneqronya axınına səbəb olub.