Bu ilin birinci rübündə xaricə səfər etmiş 264 min Azərbaycanlı turist səyahət zamanı 405 milyon 796 min manat xərc çəkib.
Hotellər 3 ayda 129 milyon gəlir əldə ediblər - MƏNBƏLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə səfər edən azərbaycanlı turistlərin çəkdikləri xərclər ötən ilin birinci rübü ilə müqayisədə 32 milyon 542 min manat və ya 7,4% azalıb.
Belə ki, ötən ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının çəkdikləri xərclərin həcmi 438 milyon 338 min manat olmuşdu.
Rəqəmlər göstərir ki, Azərbaycandan xaricə səyahət edəndə xəcrlərin byöük hissəsi, təqribən 40%-i təyyarə biletlərinə xərclənir. Belə ki, turistlərin xərclədiyi 405 milyon 796 min manatın 161 milyon manatı (40%-i) nəqliyyat xərclərinə sərf olunub.
Turistlər otellərə cəmi 71,5 milyon manat (18%), qidalanmağa 82,8 milyon manat (20%) xərcləyib. Başqa sözlə, turistlərin xərclərinin 88%-i təyyarə, otel və qidaya sərfə edilib.
Bu dövrdə 264 min turist mədəni tədbirlərə cəmi 1 milyon 443 min manat (0,4%) mədəniyyətə, turizm zərflərinin alınmasına 18 milyon (4,5%) xərcləyib. Hesabat göstərir ki, xaricə səfər edən Azərbaycanlıları daha qənatcil olublar.
Belə ki, bu il turistlərin xərclərinin ötən ilin eyni dövrünə nisbətən azalmasının səbəbi həm xaricə səfər edənlərin sayının azalması, həm də onların adambaşına daha az xərcləməsi olub. Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə gedən turistlərin sayı 15 min nəfər azalaraq keçən ilin ilk 3 ayındakı 279 min nəfərdən bu il 264 min nəfərə düşüb.
Ötən il turizm məqsədi ilə xaricə səfər etmiş Azərbaycan vətəndaşları adambaşına 1571 manat xərclədikləri halda, bu il həmin məbləğ adambaşına təqribən 33 manat azalaraq 1 537 manat olub.














