Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın baxımlı televiziya kanallarından olan “Channel 5” kanalının “Diplomatic Enclave” proqramının qonağı olub.
Azərbaycanın Pakistandakı Səfirliyindən verilən məlumata görə, səfir Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgilərin keçirildiyi, ticarət dövriyyəsində artımın müşahidə olunduğunu və bu sahədə potensial və imkanların daha dərindən araşdırılması gərəkdiyini vurğulayıb. Səfir Azərbaycandan Pakistana ixrac edilə biləcək məhsullar barədə məlumat verib, ölkəmizdə 300-ə yaxın Pakistan şirkəti və iş adamının fəaliyyət göstərdiyini, Pakistandan ölkəmizə gələn turistlərin sayında dəfələrlə artımın olduğunu, hazırda iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması üzərində işlərin getdiyini söyləyib.
O həmçinin, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu dəhlizlərə Pakistanın da qoşulmasının mümkünlüyü, Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini, qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.