Fevralın 6-da İstanbulda 27-ci Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi açılıb. Azərbaycanın turizm imkanları sərgidə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə nümayiş etdirilir.
FED.az xəbər verir ki, fevralın 9-dək davam edəcək sərgi çərçivəsində milli stendimizdə altı turizm şirkəti, iki hotel qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur. Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensiallı məkanları, qastroturizm, şərabçılıq, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri, eləcə də işgüzar turizm imkanları haqqında ətraflı məlumat verilir. Həmçinin Türkiyədən və digər ölkələrdən olan turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Tədbirdə Azərbaycan və Türkiyə ilə yanaşı, Almaniya, Bolqarıstan, Braziliya, Misir, İran, Yaponiya, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən 300-dən artıq stenddə ziyarətçilərə turizm imkanları barədə məlumatlar təqdim edilir.
Qeyd edək ki, Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə ikinci yerdədir. Ötən il Türkiyədən ölkəmizə 378 min 204 nəfər səfər edib. Bu, 2019-cu illə müqayisədə 19 faiz çoxdur.