2025-ci ilin ilk yarısında Azərbaycanın mehmanxana və hotelçilik sektorunda məhsul və xidmət istehsalına çəkilən xərclərin həcmi məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə respublika üzrə bu sahəyə çəkilən ümumi xərclər 253 milyon 580 min manat təşkil edib. Gözlənildiyi kimi, bu xərclərin böyük hissəsi paytaxt Bakının payına düşür.
Bakı şəhəri 2025-ci ilin yanvar-iyun aylarında 141 milyon 469 min manatlıq xərclə mütləq liderdir ki, bu da ümumi məbləğin təxminən 56%-i deməkdir.
Paytaxtdan sonra ikinci yerdə ölkənin əsas qış turizm mərkəzi olan Qusar rayonu qərarlaşıb. Bu rayonda hotelçilik sektorunun xərcləri 30 milyon 228 min manat təşkil edib. Siyahının üçüncü pilləsində isə digər məşhur turizm bölgəsi olan Qəbələ rayonu (18 milyon 44 min manat) yer alıb.
İlk beşliyi sağlamlıq turizmi ilə tanınan Naftalan şəhəri (11 milyon 875 min manat) və Quba rayonu (10 milyon 844 min manat) tamamlayır.
Digər regionlar arasında Lənkəran rayonu 9 milyon 234 min manat, Şabran rayonu 7 milyon 906 min manat, Şuşa rayonu isə 5 milyon 331 min manatlıq xərclə seçilib. Siyahıda həmçinin Şamaxı (2 milyon 809 min manat), Gəncə (1 milyon 892 min manat), Xaçmaz (1 milyon 478 min manat), Mingəçevir (1 milyon 321 min manat) və İsmayıllı (1 milyon 150 min manat) da yer alıb.