Azərbaycanda fəaliyyət göstərən əsas qış turizm mərkəzi – «Şahdağ Turizm Mərkəzi» QSC növbəti ili zərərlə başa vurub. Bu barədə şirkətin 2019-cu il üzrə hesabatında bildirilir. Bununla yanaşı, hesabatda qurumun gəlirlərinin detalları açıqlanmayıb.
FED.az təşkilatın 2019-cu il üzrə hesabatına istinadən xəbər verir ki, hətta dövlət subsidiyasının ayrılması da qurumu zərərdən çıxara bilməyib.
Hesabata əsasən, 2019-cu ildə «Şahdağ Turizm Mərkəzi» QSC-nin əsas əməliyyat gəlirləri cəmi 8 milyon 636 min manat olub. Bu əvvəlki illə müqayisədə 1,3 milyon manat və ya 13% azdır.
2019-cu ildə dövlət büdcəsindənr şirkətə 10 milyon 169 min manat məbləğində (2018-ci ildə olduğu kimi) subsidiya ayrılıb.
Bundan əlavə, şirkət sair gəlirlər kimi 1 milyon 560 min manat gəlir əldə edib.
Nəticədə şirkaətin ümumi gəlirləri 20,4 milyon manat təşkil edib, bu əvvəlki ildən 100 min manat azdır.
2019-cu ildə «Şahdağ Turizm Mərkəzi» QÇC-nin xərcləri isə 35,9 milyon manat olub. Bu əvvəlki illə müqayisədə 16,3% azdır.
Ötən il şirkətin əsas xərcləri amortizasiya ilə bağlı olub - 21 milyon manat.
Xərclərin azalması da əmortizasiyanın və digər xərclərin hesabına baş verib (detalları açıqlanmayan digər xərclər 10 milyon manatdan 5 milyon manata enib).
Nəticədə «Şahdağ Turizm Mərkəzi» QSC 2019-cu ili 15,5 milyon manat əməliyyat zərəri, vergiləri və digər xərcləri də nəzərə alanda 20,4 milyon manat xalis zərərlə başa vurub.
Şahdağ Kurortu əvvəlki il də – 2018 - zərərlə işləmişdi 27,4 milyon manat. Nəticədə indiyədək şirkətin yığılan zərəri 65 milyon manatı keçib.
2019-cu ildə şirkətin aktivləri 20 milyon manat azalaraq 503 milyon manatdan 483 milyon manata düşüb. Öhdəlikləri isə 6 dəfəyə yaxın azalaraq 12 milyondan 2,1 milyon manata düşüb.