Yaxın vaxtlarda Gəncə və Naxçıvandan Dubaya təyyarə reysləri asçıla bilər. FED.az xəbər verir ki, bu və digər məsələlər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun sentyabrın 10-da Dubay aeroportlarının sədri Şeyx Ahmed Bin Saeed Al Maktum ilə görüşündə müzakirə edilib.
Qeyd edək ki, Şeyx Ahmed Bin Saeed Al Maktum Dubay aeroportlarının sədri olmaqla yanaşı, eyni zamanda “Emirates” və “Fly Dubai” hava yollarının, “Dubay World” holdinqinın, “Nur” Bankının, “Dubay Aviation City” korporasiyasının sədridir.
Görüş zamanı əsasları Azərbaycanda baş verən dəyişikliklər, turizm sahəsindəki yeniliklər müzakirə edilib. Səfir bildirib ki, indi Azərbaycanda demək olar ki, bütün turizm növləri, o cümlədən müalicə, dini, ekoturizm, macəra, ixtisaslaşdırılmış, kənd turizmi mövcuddur və buraya dünyanın bütün ölkələrindən yüz minlərlə turist gəlir. Rəsmi statistikaya görə 2017-ci ildə BƏƏ-dən Azərbaycana yüz mindən çox turist gəlib ki, bu da 2016-ci il ilə müqayisədə 2 dəfə çoxdur.
Görüşdə xüsusi vurğulanmışdır ki, hal-hazırda BƏƏ vətəndaşları Azəbaycana səfər etmək üçün vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında əldə edə bilirlər. Bununla yanaşı cari ilin iyul ayından başlayaraq BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə vizalar Azərbaycanın beynəlxalq hava limanlarında rəsmiləşdirilir.
Səfir BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqlarının birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırdığını Şeyx Əhmədin diqqətinə çatdıraraq, hazırda “Azərbaycan Hava Yolları”nın Bakı-Dubay, BƏƏ-nin “Fly Dubay” şirkətinin Dubay-Bakı və Dubay-Qəbələ, "Air Arabia” şirkətinin Şarja-Bakı, Şarja-Qəbələ, "Etihad” hava yollarının Abu Dabi - Bakı marşrutu üzrə birbaşa uçuşlarının həyata keçirildiyi barədə məlumat verib.
BƏƏ turistlərinin Azərbaycana maraqlarının getdikcə artması baxımından səfir BƏƏ-dən Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşların açılmasının vacibliyini ön plana çəkmiş, bu şəhərlərin və Azərbaycanın digər məkanlarının turistik potensialı barədə danışmışdır.
Eyni zamanda hava daşınmalarına yeni aviaşirkətlərin cəlb olunmasının da məqsədəmüvafiqliyi qeyd olunub.
Görüş zamanı Şeyx Ahmed Bin Saeed al Maktum iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluğunu bildirib, bu əlaqələrin keyfiyyətcə daha da yüksək səviyyəyə qaldırılması üçün zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.
Əmir bildirib ki, “Emirates” və “Fly Dubai” hava yolları Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşlarının həyata keçirilməsi məsələsini öyrənəcək. Şeyx bu məsələyə hava yollarının mənfəət əldə etməsi deyil, uçuşların iki dost xalq arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyi prizmasından baxılacağını xüsusi qeyd etmişdir.
Daha sonra Şeyx Ahmed al Maktum rəhbərlik etdiyi digər qurumların fəaliyyəti barəsində, o cümlədən Dubay Hökumətinin sərmayə layihələri portfelini idarə edən “Dubai World” korporasiyası, Dubai Əmirliyini dünyanın komersiya və logistik mərkəzinə çevirən “Dubai Aviation City Corporation” barəsində məlumat vermişdir. Dubayın Əmiri Şeyx Mohammad Bin Raşid Al Maktumun cari ilin avqust ayında Dubay şəhərini İslam Bankı mərkəzinə çevrilməsi strategiyası çərçivəsində Dubai İslam İqtisadi İnkişaf Mərkəzi yaradılması haqqında sərəncam imzaladığını bildirərək, başçılıq etdiyi Noor Bankın sözügedən təşəbbüsə mühüm töhvə verdiyini diqqətə çatdırmışdır.
Azərbaycanın daha 2 şəhərindən Dubaya uçmaq olacaq
09:19
12 Sen 2018