Koronavirus pandemiyasından sonra Azərbaycandan xaricə və xaricdən ölkə daxilinə turist uçuşlarının nə vaxt bərpa ediləcəyi ilə bağlı təqribi vaxt açıqlnıb.
FED.az xəbər verir ki, bu məsələ Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə AZAL-ın və ölkəmizdə təmsil olunan digər beynəlxalq hava yolları şirkətlərinin nümayəndələri arasında “Pandemiya dövründən sonra aviadaşıyıcıların yeni fəaliyyət planları və uçuşların bərpası" mövzusunda onlayn müzakirələrdə müzakirə olunub.
Eləcə də bax: Azərbaycana xarici turistlərin bir də - NƏ VAXT GƏLƏCƏYİ AÇIQLANDI
FED.az-ın məlumatına görə, iclasda ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev bildirib ki, turizm şirkətləri və turoperatorlar üçün beynəlxalq uçuşların tezliklə bərpa edilməsi çox vacibdir. Assosiasiya rəhbərinin sözlərinə görə beynəlxalq aviauçuşların dayandırılması turizm şirkətlərini çətin vəziyyətə salmaqla yanaşı böyük itkilərlə üzləşdirib.
İclasda çıxış edən AZAL-ın nümayəndəsi, avidaşımaların satış mərkəzinin rəisi Niyazi Həsənov nümayəndəsi bildirib ki, şirkət beynəlxalq uçuşları tam bərpa etməyə hazırdır. Onun sözlərinə görə, əsas məsələ dünyada pandemiyanın aradan qaldırılması və ölkələrin öz sərhədlərini uçuşlar üçün açıq elan etməsindən asılıdır. AZAL nümaynədəsi etiraf edib ki, bu maneələr aradan qaldırılmayana qədər beynəlxalq uçuşların dəqiq nə vaxt bərpa olunacağını demək çətindir.
Pandemiyadan sonra Novosibirsk-Bakı istiqamətinə ilk uçuşun iyulun 10-da reallaşacağını deyən “Sibir Hava Yolları”nın Azərbaycan üzrə rəsmi nümayəndəsi Arif Şahbazov isə hazırda şirkətin çətin günlər yaşadığını bildirib. Onun sözlərinə görə indiki mərhələdə şirkət 101 hava gəmisindən yalnız 40-nı daxili uçuşlar olmaqla işə cəlb edib, ona görə də, itkilər böyükdür.
Müzakirələrdə iştirak edən “AirAstana” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Deulet Yerkenule şirkətin 10 illik fəaliyyəti dövründə ilk dəfə olaraq belə çətin vəziyyətə düşdüklərini deyib. O, Azərbaycan istiqamətinə ilk uçuş tarixinin iyun ayının ortalarına nəzərdə tutulduğunu bildirib. D.Yerkenule bildirib ki, oktyabr ayına qədər Bakı-Astana reysinin də ləğv olunacaq, aviaşirkət bu müddət ərzində yalnız Bakı-Almata reyslərini həyata keçirəcək .
“Travelport” şirkətinin Azərbaycan üzrə direktoru Emil Bayramov deyib ki, pandemiyanın ilk günlərindən dünya turizm bazarında baş verən hadisələrlə bağlı onlayn informasiya mərkəzi yaradılıb. Onun sözlərinə görə şirkət mart ayından onlayn kurslar və vebinarlar keçirib. Emil Bayramov bu müddət ərzində aviabilet satışları üzrə 300 yaxın mütəxəssis hazırladıqlarını və yeni məhsullar üzərində iş aparıldığını bildirib.
“Özbəkistan Hava Yollar”ı şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Hasan Mavlyanov şirkətin satışlara yalnız iyul ayından başlayacağını deyib. O, sərnişinlərin təhlükəsizliyi və sağlamlığı üçün bir sıra yeni tədbirlərin görüləcəyini bildirib.
Müzakirələrdə eyni zamanda pandemiyadan öncə alınan biletlərin geri qaytarılması, sərnişinlərin təhlükəsizliyi, uçuşlar üçün prioritet istiqamətlər, aviaşirkətlər tərəfindən qiymət siyasətində edilə biləcək dəyişikliklər və digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.