Azərbaycanda indiyədək məşhur olan turizm komplekslərinin – Şahdağ və Tufandağın sırasına yeni məkan daxil olur. FED.az xəbər verir ki, bu - Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yaradılan Ağbulaq turizm kompleksidir.
Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatında bildirilib ki, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin inkişafına nail olmaq və gələcəkdə onu digər kəndlərdə də tətbiq etməkdir.
Turizm bölgəsi yaradılması üçün işlər çərçivəsində Ağbulaq kəndi abadlaşdırılıb, burada müasir infrastruktur yaradılıb və kənddəki 65 ev yenidən qurularaq müasir şəraitlə təmin edilib. Artıq Ağbulaq kəndi turizm istirahət bölgəsi kimi fəaliyyət göstərməyə hazırdır.
Tədbrdə bildirilib ki, iqliminə görə, Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. 1500 hektar sahəsi olan və 1800 metr yüksəklikdə yerləşən kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar var. Artıq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılıb.
Muxtar Respublika rəhbərliyinin Ağbulaqla bağlı planları böyükdür, yəni kənd təkcə Naxçıvanda deyil, bütün ölkədə və xaricdə təbliğ ediləcək, internet vasitəsilə turistlərə təqdim olunacaq.
Ağbulaqda ail biznesinin inkişafına da başlanıcaq. Şahbuz Rayon İcra Hakimiyyətini tapşırılıb ki, Ağbulaq kəndində ailə təsərrüfatlarının inkişafı və ekoloji təmiz ərzaq məhsullarının yetişdirilməsini təmin etsin. Bunun üçün ailə təsərrüfatlarına dövlət dəstəyi də veriləcək. Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə isə tapşırılıb ki, turizm bölgəsinin torpaq ehtiyatlarını qorusun, burada qanunsuz tikintilərin qarşısını alsın, bütün tikintilər layihə əsasında aparılıb pasportlaşdırılsın.
Turistlərin rahatlığı üçün kənddə telefon və sürətli internet xətti, daimi işıq və qaz var. Turizm bölgəsinin işə düşməsi Ağbulaq sakinlərinin həyat səviyyəsini də yüksəltməlidir.
Qeyd edək ki, Ağbulaqda turizm bölgəsinin yaradılması üzrə işlərə 2013-cü ildən başlanılıb. Aprel ayından isə kənddə yenidənqurma və abadlıq işləri aparılır. O cümləən kənddəki evlərdə və yardımçı binalarda əsaslı təmir və yenidənqurma işləri aparılıb. Kənddəki həyətlərə kilid və sal daşlar döşənib, yeni hasarlar hörülüb, metal və taxta məhəccərlər quraşdırılıb. Kənddaxili avtomobil yollarına qum-çınqıl qatı verilib, su keçidləri salınıb, yeni yollar çəkilib, kəndin elektrik təchizatı sistemi yenidən qurulub.
Yararsız təsərrüfat binaları sökülüb və müəyyən olunmuş ərazidə 32 yeni təsərrüfat binası tikilib.
Bundan başqa, turistlərin Ağbulağa rahat getməsi üçün xüsusi turizm marşrutu yaradılıb.
Amma Ağbulaq kurortunun ən mühüm hissəsi burada tikiləcək xizək kompleksidir. Ağbulaq xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb. Tikinti işlərini aparan Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya bildirib ki, indiyədək işlərin 80 faizi başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir.
Ərazidə texniki bina da inşa olunacaq, xizəksürmə ləvazimatlarının satışı və kirayəsi həyata keçiriləcək.
Azərbaycanda yeni «turizm bombası» - XİZƏK KURORTU YARADILIR
22:14
5 Dek 2018