Mayın 5-də “Fairmont Baku” otelində turizm sahəsi üçün ölkə üzrə ən mühüm hadisələrdən biri olan Turizm İnformasiya Sisteminin - Turizm Reyestrinin təqdimatı keçirilib.
FED.az xəbər verir ki, tədbirin keçirildiyi vaxt Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Qarabağda təşkil edilən tədbirlərlə iştirak edirdi. Ona görə də DTA rəhbəri Bakıdakı tədbirin iştirakçılarına video müraciət edib.
O bildirib ki, son illər turizm sektorunun tənzimlənməsi və işlək mexanizmlərin hazırlanması üzrə ciddi addımlar atılır. Sədr bildirib ki, Agentliyin bu istiqamətdə işlərinin əsas məqsədi sağlam rəqabət, keyfiyyətli xidmət və ixtisaslaşmış turizm sənayesi yaratmaqdır.
Fuad Nağıyev bildirib ki, Turizm İnformasiya Sistemində turizm sahəsində fəaliyyət göstərən qurumların - otel, mehmanxana, turizm şirkətləri və operatorları, belədçilərin və sair qeydiyyatı aparılacaq, onlara keyfiyyət nişanlarını veriləcək, eləcə lə reytinqləri hesablanacaq.
«Turizm Reyestri vasitəsilə ilkin mərhələdə yerləşmə vasitələri, otel və mehmanxanalar, turoperator və turagentlər, turizm bələdçilərinin qeydiyyatı və təsnifatı aparılacaq. Eyni zamanda burada turizm sənayesinə açıq xidmət, keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarını əldə etmək üçün müraciət imkanı yaradılır».
Turizm sahəsində çalışan şirkətlərə 2 kateqoriya veriləcək – B və A kateqoriyaları. Açıq xidmət və keyfiyyətli xidmət nişanları əldə edən şirkətlər B kateqoriyası alacaqlar. Açıq xidmət və keyfiyyətli xidmətlə yanaşı, rəqəmsal xidmət nişanları da əldə edən turizm sənayesi subyektləri isə A kateqoriyası ilə təltif ediləcək.
Agentlik rəhbəri bildirib ki, hər bir nişanlar üçün aydın meyarlar müəyyən edilib. Bu meyarların müəyyən edilməsi üçün turizm sənayesi ilə görüşlər təşkil edilib, müzakirələr aparılıb, turizm sənayesinin rəy və təklifləri nəzərə alınıb: «Layihənin icrası ölkəmizdə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun formalaşmasına, həmçinin potensiala və təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək».
Gələcəkdə reytinqlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Agentlik rəhbəri xatırladıb ki, Turizm Reyestrindən qeydiyyatdan keçmək və A-B kateqoriyaları almaq turizm şirkətlərinə və otellərə müştərilər və biznes tərəfdaşlarla daha etibarlı münasibət qurmağa imkan yaradacaq. Eyni zamanda A və B kateqoriyası alan qurumların fəaliyyəti müxtəlif mexanizmlərlə təşviq ediləcək: «Odur ki, turizm sənayesini Turizm Reyestrindən qeydiyyatdan və təsnifatdan keçməyə, ilkin mərhələ üçün B nişanı almağa dəvət edirəm».
Sonra Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov Turizm İnformasiya Sisteminin dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması olduğundan bəhs edib:
"Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq, etibarlı məlumatların toplanması, eləcə də ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin, həmçinin korporativ inkişafının dəstəklənməsidir. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır, eyni zamanda elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur".
Təqdimatda DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Turizm İnformasiya Sisteminin daxilində aparılan Turizm Reyestri haqqında da ətraflı məlumat verib və reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili, həmçinin ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırıb.
DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin böyük məsləhətçisi Fərid Əliyev Turizm Reyestrindən qeydiyyatdan keçən sənaye subyektlərinin növbəti mərhələdə təsnifatının aparıldığı və xüsusi Turizm Keyfiyyət Proqramına cəlb edildiklərini bildirib. O, vurğulayıb ki, Turizm Keyfiyyət Proqramı Turizm Reyestrində qeydiyyatdan keçən və təsnifləşdirilən turizm sənaye subyektlərinin keyfiyyətli xidmət, rəqəmsallaşma və açıqlıq prinsiplərinə uyğunluğunun qiymətləndirilməsini əhatə edir:
"Qiymətləndirmə nəticəsində turizm sənaye subyektlərinə “B” və “A” kateqoriyaları üzrə “Açıq xidmət”, “Keyfiyyətli xidmət” və “Rəqəmsal xidmət” fərqləndirici keyfiyyət nişanları təqdim edilir. Keyfiyyət nişanları sənaye nümayəndələrinə keyfiyyətli xidmət təminatçısı kimi nüfuz qazanmaq, bu amildən brendinq prosesində istifadə və biznes xidmətlərini təbliğ etmə kimi təşviqedici üstünlüklərdən yararlanmaq imkanı təqdim edir. İnformasiya Sistemi, həmçinin istehlakçıların daha məlumatlı şəkildə seçim edərək etibarlı turizm sənayesi subyektlərinin xidmətlərindən yararlanmasına töhfə verəcək”.
Təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib.
Sonda turizm sənayesi nümayəndələrinin Turizm İnformasiya Sistemi haqqında sualları cavablandırılıb.