Azərbaycanda fəaliyyət göstərən hotellərin ulduzlaşması istiqamətində hazırda işlər aparılır və artıq bəzi hotellərə beynəxalq təcrübə əsasında yaradılan Milli Ulduz Təsnifat sisteminə uyğun olaraq ulduzlar təqdim edilib. Bəs bu təcrübənin gələcəkdə restoran sahəsinə də tətbiq edilməsi mümkündürmü?
Eləcə də bax: Azərbaycanda bu otellər yeni qayda ilə ulduz aldılar - SİYAHI, ULDUZLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, hazırda restoranlarla bağlı müxtəlif təsnifatlar var, lakin Azərbaycanda belə bir standart yoxdur:
"Müxtəlif beynəlxalq qurumlar, o cümlədən Ümumdünya Turizm Təşkilatı, Beynəlxalq Hotellər və Restoranlar Assossiasiyası tərəfindən hotellərin ulduzlaşması ilə bağlı vahid standartların yaradılmasına cəhdlər edilib. Lakin bunu tam şəkildə həyata keçirmək mümkün olmayıb. Hazırda vəziyyət elədir ki, hər bir ölkə özü üçün standart hazırlayır və buna uyğun olaraq kateqoriyalaşma işləri aparır. Restoranların bu cür qəbul olunmuş standartı yoxdur. Lakin ictimai-iaşə obyektələrini 5 növdə təsnif edə bilirik.
- "Fine dining" - yüksək xidmət göstərən restoranlar;
- "Casual dining" - gündəlik və daha demokratik restoranlar;
- "Quick service restaurant" (QSR) - tez xidmət göstərən restoranlar (bura "fast food"lar və s. aiddir);
- "Fast casual restaurant" - yeməkxana tipli kafe və restoranlar;
- "Street food" - küçədə mobil köşklər şəklində qida və içki xidməti göstərən müəssisələr.
Bu, qəbul olunmuş standartdır, lakin bizdə hələ ki, qanuni səviyyədə belə bir təsnifat sistemi yoxdur. Digər tərəfdən beynəlxalq səviyyədə "Mişelin ulduzları" var. "Mişelin ulduzu" təsnifatına görə, sayca 3 olur. Bir ulduz yaxşı, iki ulduz daha yaxşı, üç ulduz isə ən yaxşı xidmət göstərən restorana verilir. Burada aşpazın əl qabiliyyəti xüsusən nəzərə alınır. "Mişelin ulduzları" Avropanın bir sıra ölkələrində çalışır. Bu yaxında Rusiyada da bu təsnifat sistemi təqdim olundu. Təbii ki, bunun Azərbaycana da gətirilməsi müsbət hal kimi qiymətləndirilə bilər. Lakin biz beynəlxalq təcrübəyə istinadən öz milli standartlarımızı yarada bilərik".
Assosiasiya sədri əlavə edib ki, indi restoran biznesi istiqamətində də standartlaşdırma işlərinin aparılmasına yol açılıb və aidiyyəti qurumlar müraciət etsə, assosiasiya da bu işə öz töhfəsini verə və normativ hüquqi sənədlərin hazırlanmasına köməklik göstərə bilər:
"Digər tərəfdən peşə standartları da restoran biznesində olduqca əhəmiyyətli rola malikdir. Bildiyiniz kimi, restoranlar daha çox iş yeri yaradan fəaliyyət sahəsidir və xidmət sahələrində insan faktoru xüsusi rol oynayır. Ona görə də insanın bilik və bacarıqları bu sahədə göstərilən xidmətin keyfiyyətinə bilavasitə təsir edən amildir. Buna da diqqət edilməlidir. Məsələn, bu gün "fast food"larda çalışan dönərçilər harada oxuyublar, hansı sanitariya və gigiyena, qida təhlükəsizliyi qaydalarını bilirlər və s. məsələlər sual altındadır. Bundan başqa biliklər təkcə qida təhlükəsizliyi sahəsində formalaşmamalıdır. Eyni zamanda yanğından mühafizə, ilkin tibbi yardımın göstərilməsi və s. də formalaşmalıdır. Azərbaycanda hətta bununla bağlı Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) adlı sistem də var. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq olunur. Bu məsələlərə kompleks şəkildə diqqət yetirsək, tezliklə həm keyfiyyətin artmasını, həm də bu sahədə fəaliyyət göstərən bütün müəssisələrin müvafiq standartlar çərçivəsində işləməsini təmin edə bilərik".