Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərıb. Bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində azalma qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda dövlətdən yardım alan - MƏŞHUR OTELLƏR - SİYAHI
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkə üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 13% azalaraq 474,6 min olub. Azalmaya əsas səbəb koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar cari ilin mart ayında gecələmələrin sayında baş vermiş kəskin azalma olub. Belə ki, mart ayında gecələmələrin sayı fevral ayına nisbətən 2,7 dəfə, ötən ilin mart ayına nisbətən isə 2,9 dəfə azalıb.
Bu ilin birinci rübündə mehmanxanalarda keçirilmiş gecələmələrin 55,4%-i Bakıda, 9,8%-i Qusarda, 8,4%-i Qəbələdə, 5,1%-i Naftalanda, 4,6%-i Qubada, 3,8%-i Naxçıvan MR-da, 2%-i Lənkəranda, 1,7%-i Şabranda, 1%-i Mingəçevirdə, 0,8%-i Gəncədə və 7,4%-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin birinci rübünə nisbətən 16,7% azalaraq 314,9 min olub ki, bu da ümumi gecələmələrin 66,4%-ni təşkil edir. Gecələmələrin 15,9%-i Rusiya Federasiyası, 12%-i Birləşmiş Ərəb Əmirlikləri, 10,8%-i Səudiyyə Ərəbistanı, 7,1%-i Türkiyə, 6,7%-i Hindistan, 5,3%-i Küveyt, 4%-i Böyük Britaniya, 3,6%-i İran, 3,2%-i İsrail, 2,3%-i ABŞ, 1,9%-i Qətər, 1,8%-i İraq, 1,7%-i Pakistan, 1,6%-i Qazaxıstan, 1,4%-i Almaniya, 1,0%-i İtaliya, 0,9%-i Gürcüstan, 0,9%-i Bəhreyn, 17,9%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 73,4%-i Bakıda, 7,8%-i Qusarda, 5,2%-i Qəbələdə, 4,9%-i Naftalanda, 4%-i Naxçıvan Muxtar Respublikasında, 2,5%-i Qubada, 2,2%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 4,7% azalaraq 159,7 min olub.
Bu ilin I rübündə mehmanxanaların gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% azalaraq 60 milyon manat olub ki, onun da 58,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,8%-i ictimai iaşə xidmətlərindən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Cari ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 12,2% səviyyəsində olub(2019-cu ilin yanvar-mart aylarında 15,7%). Bu göstərici Naftalanda 43,4%, Beyləqanda 27,2%, Qusarda 26,9%, Şabranda 25,6%, Qəbələdə 18,7%, Cəlilabadda 18,4%, Qubada 18,3%, Bakıda 17,3%, Naxçıvan MR-da 16,5%, Sabirabadda 15,3%, Göyçayda 13,9%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.