Şamaxı və İsmayıllı rayonlarında 5 yeni otel tikilir. FED.az xəbər verir ki, yeni inşa edilən hotellərdən 3-ü Şamaxının Pirqulu ərazisində, 2-si isə İsmayıllı rayonundadır. Şamaxıda yerləşən otellərin 5 ulduzlu olacağı bildirilir.
Məlumata görə, İsmayıllıda Basqal qəsəbəsində abadlaşdırılma işləri çərçivəsində qəsəbədə turizm kompleksi inşa ediləcək.
Hazırda İsmayıllı rayonun mərkəzində yerləşən 4 ulduzlu İsmayıllı Resort Hotel isə bir neçə ay bundan öncə turistlərin istifadəsinə verilib.
İsmayıllıda hazırda inşa edilməkdə olan digər bir mehmanxana isə rayonun Tircan kəndi ərazisində yerləşir. Kompleksin rəsmisindən FED.az-a verilən məlumata görə, adı qeyd edilən kəndə inşası aparılan istirahət kopmpleksi “Bədo” sanatoriya-müalicə mərkəzi adlanır. Bura 4 və 6 mərtəbəli otel binasından və 2 mərtəbəli restoran binasından ibarətdir. 2,5 hektar ərazidə inşa edilən tikintinin ümumi sahəsi 4 841 kvadratmetrdir.
«Bədo» sanatoriyasında artıq 3 ildir ki, tikinti işlərin aparıldığı bildirildi. Otelin rəhbəri Orxan Məmmədov FED.az –açıqlaması zamanı bildirdi ki, havalar yaxşı keçərsə otel artıq oktyabrda turistlərin istifadəsinə veriləcək.
"Otel 3 ulduzlu olsa da xidmətlərimiz 5 ulduz səviyyəsində olacaq. Burada insanlar fizioterapiya, mədə-bağırsaq, kardiologiya və s. kimi xəstəliklərdən müalicə ala biləcəklər. Burada yerdən kükürdlü mineral sular çıxır, mədə-bağırsaq və böyrək üçün xeyirlidir. Bir də oteldə «maral buynuzu» adlanan vannalar olacaq. Bu vanna qəbulu insanları cavanlaşdırır. Ölü hüceyrələri məhv edir" – deyə otelin rəhbəri Orxan Məmmədov FED.az-a bildirib.
Orxan Məmmədovun sözlərinə görə, maral buynuzundan vannalar Rusiyanın Altay vilayətindən gətiriləcək. Vannalar oteldə tam təmir işləri başa çatdıqdan sonra gətiriləcəyi bildirilir.
Sanatoriyanın bütün mövsümlərdə xidmət göstərəcəyi bildirilir. Burada qonaqlara təklif edilən qidaların hamısı yerli istehsal olacaq. Hətta istirahət kompleksinin ərazisində su dəyirmanı olacaq, bu dəyirmanda üyüdülən undan oteldə olan qonaqlara çörək bişiriləcək. İstirahət kompleksində daimi 80 nəfərin çalışacağı bildirilir.
Ümumilikdə otelin 150 otağı olacaq ki, ilkin olaraq 50 otaq istifadəyə veriləcək. Daha sonra kotteclər də istifadəyə veriləcək. Komplek ərazisində apartmandan əlavə 25 kotec olacaq.