Sahibkarlığın İnkişafı Fondu ölkədə indiyədək turizm sahəsinə ayrılan güzəştli kreditləri açıqlayıb.
Fonddan FED.az-a verilən məlumata görə, indiyədək Fond tərəfindən 234 turizm layihəsinə ümumilikdə 60,3 milyon manat güzəştli kredit ayrılıb. Bu layihələrin reallaşdırılması 5 mindən artıq yeni iş yerinin açılması imkanı yaradır.
2022-ci ilin ötən dövrü ərzində isə turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 39 yeni iş yeri yaradılması nəzərdə tutulur.
İndiyədək turizm layihələrinə güzəştli kredit almaq üçün Fonda daxil olan müraciətlərin əksəriyyəti kənd turizminin inkişafı, otel, mehmanxana və qonaq evinin yaradılması və ya genişləndirilməsi, sanatoriya və müalicə sağlamlıq mərkəzinin təşkili ilə bağlı olub.
Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu turizm sahəsində fəaliyyət göstərən iş adamlarını güzəştli kreditlərdən istifadə etməyə çağırır.
Turizm sahəsi pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrindən biri hesab olunur. 2020-ci ilin iyun ayından etibarən pandemiyadan zərər çəkən sahibkarlara münasibətdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət zəmanətli kredit və subsidiya və mövcud kredit portfeli üzrə subsidiya mexanizmlərinin tətbiqinə başlanılıb.
Dövlət zəmanətli kredit və subsidiya mexanizmi 2022-ci ildə başa çatıb və bu proqram çərçivəsində turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 milyon manat olan kreditlərinə 4,5 milyon manat məbləğində dövlət zəmanəti verilib. Zəmanət verilmiş kreditlər üzrə 499 min manat məbləğində subsidiya ödənilib.
Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.
Hazırda turizmin müxtəlif sahələri üzrə layihələrin güzəştli kredit hesabına maliyyələşdirillməsi davam etdirilir.