Regional turizmin inkişaf etdirilməsi və onların sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) vergi təşviqləri veriləcək. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Azərbaycanın regionlarındakı hotellərin əmlak vergisi - 75% AZALDILIR
Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq.
Bəs, vergi güzəştinin ediləcəyi təqdirdə hotellərin qiyməti ucuzlaşacaq?
FED.az xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, regiondakı hotellər və ya hotel tipli komplekslərdə xüsusilə bayram günlərində qiymətlər baha olur.
"Bu da hotellərin xərclərinin çox olmasından irəli gəlir. Hotellərə əmlak vergisi ilə bağlı güzəştlər qiymətlərin aşağı düşməsinə səbəb olur. Yeni açılan hotellərə digər güzəştlər olsa daha yaxşı olar. Hotellərdə düzgün qiymət siyasəti aparılmalıdır. Göstərilən xidmət ödənilən pula tərs mütənasib olmamalıdır.
Dünya praktikası da göstərir ki, hotellərə olunan güzəşt birbaşa qiymətə təsir edən amillərdən biridir. Bu da nəticədə bizə böyük turist kütləsi qazandırır. Hesab edirəm ki, bu tendensiyanı davam elətdirsək və sui-istifadələ olmasa yaxın gələcəkdə turist kütləsinin ölkəmizə gələ bilər", - deyə o, əlavə edib.
İqtisadçı ekspert Eyyub Kərimli isə qeyd edib ki, bu qərar bölgələrdə hotellərin xərclərini azaldacaq.
"Bu, bölgələrdə yerləşən hotellərin qiymətinin nisbətən aşağı düşməsinə səbəb ola bilər. Bəzən olub ki, regionlardakı hotellər yaxşı fəaliyyət göstərə bilməyib və gəlirləri az olub. Buna görə də turizm mövsümü başlayanda qiymətləri artırırdılar. Verilən qərar bu sahəyə müsbət təsir göstərə və dayanıqlığı təmin edə bilər", - deyə o, vurğulayıb.