Prezident İlham Əliyev fevralın 18-də “Turizm haqqında” yeni qanunu təsdiq etdi. Yeni qanun hotellər, turizm şirkətləri qarşısında yeni vəzifə və öhdəliklər qoyur. Bu öhdəliklərdən biri də hotellərin ulduz təsnifatından keçmələri ilə bağlıdır.
Eləcə də bax: Turizm sahəsində yeni cərimələr - MƏCƏLLƏYƏ DƏYİŞİKLİK - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, turizm üzrə ekspert Ceyhun Aşırov məsələ ilə bağlı bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən hotellərin böyük əksəriyyəti ulduz almayıb. O qeyd edib ki, əsasən böyük hotellər, xüsusilə də Bakıda fəaliyyət göstərən mehmanxanalar ulduz təsnifatından keçib.
“Regionlarda isə hotellərin çoxunun ulduz təsnifatı yoxdur. Yeni qanun qüvvəyə mindikdən sonra hotellərə ulduz təsnifatından keçmək üçün 6 ay vaxt veriblər. Qanunda nəzərdə tutulur ki, hotellər ulduz almadan fəaliyyət göstərərlərsə və ya özlərini ulduz almış hotel kimi təqdim edərlərsə, cərimələnəcəklər".
Ekspert bildirib ki, əvvəl ulduzları Mədəniyyət və Turizm Nazirliyi təqdim edirdi. O zaman verilən ulduzlar artıq qüvvədən düşüb:
"O zaman ulduz alan və ya sonradan tikilən hotellər özlərini ulduz almış hotellər kimi təqdim edirdilər. Xüsusilə də onlayn platformalarda hotellər özlərinə ulduzlar qoyurdular. Bəzən əslində 3 ulduz olan hotel özünü 4 ulduzlu kimi, 4 ulduzlu özünü 5 ulduzlu kimi göstərirdi, yəni özlərini bazara şişirdilmiş formada təqdim edirdilər. Artıq hotellər ulduz təsnifatından keçməklə öz reytinqlərini müəyyən etməlidirlər. Bunu etməyən hotellər üçün 2 min manatdan 5 min manata qədər cərimə nəzərdə tutulub”, - deyə ekspert əlavə edib. (Trend)