2025-ci il üzrə Azərbaycanda fəaliyyət göstərən hotellərdə ən çox işçi sayına malik olan rayon və şəhərlərin siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cədvələ əsasən ölkə üzrə hotellərdə çalışan işçilərin ümumi sayı 16 259 nəfər təşkil edir.
Siyahıya ənənəvi olaraq paytaxt rəhbərlik edir. Belə ki, Bakı şəhərində yerləşən hotellərdə ümumilikdə 6 735 nəfər işçi fəaliyyət göstərir. Paytaxtdan sonra ən yüksək göstərici Quba rayonunda qeydə alınıb və burada hotellərdə çalışanların sayı 1 054 nəfərdir. İlk üçlüyü 1 034 nəfərlik işçi sayı ilə Qəbələ rayonu tamamlayır.
Sıralamanın davamına nəzər saldıqda, dördüncü pillədə 929 nəfər işçi ilə Qusar rayonunun, beşinci pillədə isə 843 nəfərlə Naftalan şəhərinin qərarlaşıb.
Cədvəldə növbəti yerləri tutan Xaçmaz rayonundakı hotellərdə 743, Lənkəran rayonunda 472, Şabran rayonunda isə 425 nəfər çalışır.
Ölkə üzrə ən çox hotel işçisi olan onluğu müvafiq olaraq doqquzuncu yerdə 345 nəfərlik göstərici ilə Gəncə şəhəri və onuncu yerdə 333 nəfərlik nəticə ilə Şamaxı rayonu yekunlaşdırır.












