2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin çəkdiyi xərclərin ümumi həcmi və strukturu açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hotellərin ümumi xərcləri 400 milyon 546,9 min manat təşkil edib.
Xərclərin strukturunda ən böyük payı işçilərin maaşları tutur. Belə ki, əməkhaqqı xərclərinə 129 milyon 165,5 min manat və ya ümumi vəsaitin əhəmiyyətli hissəsi yönəldilib.
İkinci ən böyük xərc maddəsi "digər xərclər" olub – bu istiqamətdə 123 milyon 93,7 min manat vəsait sərf edilib. İçkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər isə 65 milyon 408,5 min manat olub.
Hotellər dövlət büdcəsinə 34 milyon 25,4 min manat vergi ödəyiblər. Kommunal xərclərə gəlincə, bütün növ yanacaq və enerji xərcləri 29 milyon 316,7 min manat təşkil edib. Suyun alınmasına isə 2 milyon 688,2 min manat xərclənib.
Müəssisələrin icarə ödənişləri 7 milyon 658,1 min manat olub. Əsas vəsaitlərin cari təmirinə sərf olunan xərclər 5 milyon 882,3 min manatqeydə alınıb.
Marketinq fəaliyyəti üzrə reklam xərcləri isə 3 milyon 308,5 min manat təşkil edib.











