Azərbaycanda noyabrın 11-dən 22-dək dünyanın ən böyük tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) keçiriləcək.
Bakıda 2 ulduzlu otelin gecəsi 1000 manata qalxıb – COP29-a GÖRƏ OTELLƏRDƏ QİYMƏTLƏR “PARTLAYIB”
FED.az xəbər verir ki, bu cür beynəlxalq tədbirlər iştirakçı ölkələrdən mütəxəssislər və jurnalistlərdən ibarət turist axınına səbəb olur. İlkin məlumatlara görə, COP29 dövründə ölkəyə 80-120 min turistin gəlməsi gözlənilir. Turistlər, həmçinin, Azərbaycanın mədəni irsi, təbii gözəllikləri və qonaqpərvərliyi ilə tanış olmaq üçün də bu imkandan istifadə edəcəklər.
Tədbir zamanı təşkil ediləcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər, ölkənin turizm sektorunu canlandıracaq və yerli iqtisadiyyata müsbət təsir göstərəcək. Bu, həm də Azərbaycanın beynəlxalq səhnədə tanınması üçün yaxşı bir fürsət olacaq. Ölkə beynəlxalq tədbirləri qəbul etmək üçün infrastrukturu gücləndirmək, hotel xidmətlərini artırmaq və nəqliyyat sistemini inkişaf etdirmək istiqamətində bir sıra layihələr həyata keçirir. Bakı müasir konfrans mərkəzləri və geniş sərgi salonları ilə bu cür tədbirlər üçün əlverişli bir mühit təqdim edir.
Eyni zamanda, tədbir öncəsi hotel və turizm infrastrukturlarının inkişaf etdirilməsi qonaqların rahatlığını artırmaq məqsədini güdür.
Bəs tədbirə gələcək qonaqların yerləşdirilməsi üçün hansı işlər görülür?
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən bildiriblər ki, Azərbaycanın turizm sənayesinin, o cümlədən, hotellərin COP29 tədbirinə hazırlıqları davam edir.
"May ayından etibarən xüsusi vahid onlayn rezervasiya platforması üzərindən hər bir ulduz dərəcəsinə uyğun hotellər və yaşayış komplekslərinin bronlaşdırılması həyata keçirilir. Hotellərə əlavə olaraq ehtiyac yarandığı təqdirdə yaşayış kompleksləri, villa kompleksləri, istirahət mərkəzləri və digər yaşayış müəssisələrinin istifadəsi nəzərdə tutulur. COP29-da iştirak etmək istəyənlər üçün şəhərin istənilən ərazisində evlərin kirayəsi prosesi digər platformalar ("Airbnb", "Booking" və s.) vasitəsilə mümkündür.
Həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən çox yerləşmə yerinin auditi həyata keçirilib və onlardan 200-dən çoxu ulduz dərəcəsi əldə edib.
Hotellərdə xidmət keyfiyyətinin artırılması məqsədilə 2000-ə yaxın hotel personalına ixtisaslaşmış praktiki peşə təlimləri, dayanıqlılıq üzrə təlim, eləcə də, yerləşmə yerlərində mətbəx idarə edilməsi və qastronomiya ilə bağlı (veqan və vegeterian menyuların hazırlanması daxil olmaqla) təlimlər keçirilməkdədir", - deyə Agentlikdən məlumat verilib.
Qeyd edək ki, COP29 bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Bu qərar 2023-cü ilin dekabrında Dubayda keçirilmiş COP28-in plenar sessiyasında qəbul edilib. 2 həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və təxminən 70-80 min xarici qonağı qəbul edəcək. (Trend)