Azərbaycana turist axınının artması hotel və hostellərin də çoxalmasına müsbət təsir göstərib.
FED.az xəbər verir ki, paytaxt Bakı daxil olmaqla, bir çox turizm bölgələrimizdə bu istiqamətdə tikinti işləri artıb.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov Trend-ə açıqlamasında bildirib ki, hazırda ölkədə bu sahənin inkişafı sahibkarların maraq dairəsindədir.
N.Bağırov ən çox turist qəbul edən zona kimi Qəbələdə hotel və hostellərin artdığını vurğulayıb:
"Paytaxt kimi, Qəbələdə də hotel və hostellərin tikintisi sürətlə irəliləyir. Əgər Azərbaycanda turizmi bu şəkildə inkişaf etdirib qorusaq, yaxın bir-iki il ərzində ölkəyə gələn turistlər üçün əlverişli şərait yaranacaq".
Assosiasiya rəhbəri onu da qeyd edib ki, hostellərə daha çox gənclər, hotellərə isə ailəlilər üz tutur. Bundan başqa, seçimə turistlərin büdcəsi də təsir edir:
"Turistlər müxtəlif təbəqəyə bölünür. Onların bəziləri bahalı hotellərə üstünlük verir, digərləri isə səyahət edərkən ucuz və əlverişli yer axtarırlar".
Hotellərin qiymətlərinə də toxunan N.Bağırov bildirib ki, qiymətlər mehmanxanaların harada yerləşməsindən asılıdır:
"Məsələn, Bakının mərkəzində yerləşən hotellərin qiyməti bir gün üçün 80-90 manatdan başlayır. Hostellərin çoxu isə mərkəzdə yerləşdiyinə görə qiymətdə elə də fərq olmur. Minimal qiymət 8-10 manat arasında dəyişir. Bu qiymətlərə isə yalnız gecələmək üçün yataq daxildir".
Azərbaycanda hotel və hostellər artıb – QİYMƏTLƏR
20:28
30 Avq 2018