2025-ci ilin yanvar ayında Azərbaycana 172,6 min nəfər xarici vətəndaş səfər edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan 113,2 min nəfəri, yəni səfər edənlərin 65,6%-i turizm məqsədi ilə, 59,4 min nəfər və ya 34,4%-i isə digər məqsədlərlə gəlib.
Digər məqsəd dedikdə, işgüzar əlaqələr, qohumlara baş çəkmək və sair nəzərdə tutulur.
Ölkəyə ən çox səfər edənlər Rusiya (41,5 min nəfər), Türkiyə (31,6 min nəfər), Hindistan (17 min nəfər), İran (15 min nəfər), Gürcüstan (8,7 min), BƏƏ vətəndaşları (5,5 min nəfər) və sair təşkil edib.
İlin ilk ayında turizm məqsədi ilə Azərbaycana səfər edənlər ölkədə ümumilikdə 205,6 milyon manat xərcləyiblər. Bundan 94,6 milyon manat yol puluna, 43 milyon manat otellərə, 37,5 milyon manat qidalanmağa sərf edilib. Daha 20 milyon manat isə turistlər mal və hədiyyələr almağa sərf ediblər.
İlin ilk ayında Azərbaycanda ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olub .
Belə ki, Rusiya vətəndaşları 48,2 milyon manat, Hindistan vətəndaşları 34,4 milyon manat, Türkiyə vətəndaşları 23,3 milyon manat, Səudiyyə Ərəbistanı vətəndaşları 12,1 milyon manat, BƏƏ vətəndaşları 11,4 milyon manat, Pakistan vətəndaşları 9 milyon manat, Küveyt vətəndaşları isə 7.8 milyon manat xərcləyiblər.