Azərbaycanda 2025-ci ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib.
Azərbaycanda ulduz kateqoriyalı hotellərin 74 %-i paytaxtdadır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi (DTA) bildirib.
Məlumata görə, onlardan 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlamalar olub.
"Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan hotellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə, 18 hotelin ulduz kateqoriyasına sahib olduğu haqda sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən hotel isə qeydə alınmayıb", - agentliyin məlumatında deyilir.
Qeyd olunub ki, Azərbaycanda mehmanxanaların ulduz kateqoriyalarının verilməsi 2019-cu ildən etibarən akkreditə olunmuş Mehmanxanaların Ulduz Kateqoriyaları üzrə Sertifikatlaşdırma Orqanı (MUKSO) tərəfindən həyata keçirilir. Qiymətləndirmə prosesi DTA tərəfindən təsdiq edilmiş və "Hotelstars Union" beynəlxalq sistemi ilə uyğunlaşdırılmış meyarlar əsasında aparılır.
Sertifikatlaşdırma prosesinin yalnız ilkin mərhələ ilə məhdudlaşmadığı vurğulanıb: "Mehmanxanaların müvafiq ulduz kateqoriyasına uyğunluğu planlı və plandankənar inspeksiyalar vasitəsilə mütəmadi nəzarətdə saxlanılır. Aşkar edilən uyğunsuzluqlardan asılı olaraq düzəliş üçün müddət verilə, zərurət yarandıqda isə ulduz kateqoriyası dəyişdirilə və ya ləğv edilə bilər".
Bildirilib ki, istehlakçı müraciətləri də nəzarət mexanizminin mühüm hissəsidir. Əsaslandırılmış şikayətlər və ya onlayn platformalarda yayımlanan mənfi rəylər daxil olduqda plandankənar yoxlamalar aparılır və nəticələrə uyğun qərarlar qəbul edilir.
Azərbaycanda ulduz kateqoriyalı 283 hotel var. Həmin hotellərdən 23-ü beş ulduzlu, 43-ü dörd ulduzlu, 101-i üç ulduzlu, 84-ü iki ulduzlu, 32-si isə bir ulduzludur.
Yüksək kateqoriyalı hotellərin əhəmiyyətli hissəsi Bakıda yerləşir. Belə ki, paytaxtda 10-u beş ulduzlu, 26-ı dörd ulduzlu, 72-si üç ulduzlu, 72-si iki ulduzlu və 28-i bir ulduzlu hotel fəaliyyət göstərir.
Bakıda yerləşən ulduzlu hotellərin ümumi sayı 208-dir. Bu da ölkə üzrə mövcud olan ulduz kateqoriyalı hotellərin 73,5 %-i deməkdir. (Report)











