2022-ci ilin ilk 4 ayında ölkəyə gələn turistlərin sayı ötən illə müqayisədə ikiqat artıq olub.
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüşdə Agentliyin sədri Fuad Nağıyev bildirib. Pandemiyadan sonra turizmin canlanmağa başladığını deyən sədr diqqətə çatdırıb ki, ilin ilk 4 ayı ərzində gələn xarici vətəndaşların ötən illə müqayisədə 103% çox olub.
Agentlik sədri bildirib ki, artımı daha da yüksəltmək üçün ənənəvi bazarlarla yanaşı, yeni hədəf bazarlarda təbliğat işi güclənməlidir.
O, həmçinin ölkəmizə uçuşların sayının artırılması, daha çox ölkə ilə vizasız gediş-gəliş, sərhədkeçmə prosedurlarının asanlaşdırılması kimi amillərin gəlmə turizmi üçün xüsusilə vacib olduğunu vurğulayıb.
Görüşdə yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu ölkələr üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub.
Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanla həftədə 13 dəfə, BƏƏ ilə həftədə 36 dəfə, Küveyt və Qətərlə həftədə 7 dəfəyədək olan birbaşa uçuşların yay mövsümü üçün daha da artırılması planlaşdırılır.
Fuad Nağıyev pandemiyadan əvvəlki rəqəmlərə çatmaq üçün sənayeni birgə fəaliyyətə, hər zamankı kimi tolerant yanaşma, keyfiyyətli xidmət və yüksək biznes etikasına əməl etməyə çağırıb.
Görüşdə turizm agentlikləri, hotellər və turizm assosiasiyalarından olmaqla 60-dan çox sənaye nümayəndəsi iştirak edib.