2026-cı ilin yanvar-may aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 871,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Azərbaycanda ən çox ziyarət edilən - ŞƏHƏRLƏR AÇIQLANIB
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 27,2 faizi Rusiya Federasiyası, 22,0 faizi Türkiyə, 8,4 faizi İran, 5,0 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,3 faizi Çin, 2,0 faizi İsrail, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,8 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil etmişdir.
2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 faiz artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,0 faiz artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 faiz azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 faiz azalaraq 385,8 min nəfər təşkil etmişdir.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 6,3 faiz azalaraq 756,6 min nəfər olmuşdur. Vətəndaşlarımızın 40,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox), 17,3 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 11,2 faizi Gürcüstana (4,4 faiz az), 7,1 faizi İrana (39,7 faiz az), 23,7 faizi isə digər ölkələrə (11,3 faiz az) getmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.
2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.















