2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı azalıb. Xüsusilə Körfəz ölkələrindən gələnlərin sayında 32 faizlik geriləmə qeydə alınıb. Bununla yanaşı, Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayında artım müşahidə olunub.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsasən hazırladığı hesabatda bildirilir.
Hesabata əsasən, 2026-cı ilin ilk 9 ayında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azdır.
Beləliklə, ötən ilin ilk 9 ayında Azərbaycana təxminən 1 milyon 948,7 min nəfər gəlmişdisə, bu ilin eyni dövründə göstərici təxminən 116,9 min nəfər azalıb.
Körfəz ölkələrindən gələnlərin sayı 103 min nəfərə yaxın azalıb
Hesabat dövründə Körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32 faiz azalaraq 218,3 min nəfər təşkil edib.
Hesablamalara əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici təxminən 321 min nəfər olub. Beləliklə, bir il ərzində Körfəz ölkələrindən gələnlərin sayı 102,7 min nəfər azalıb. Bu azalma Azərbaycana gələn əcnəbilərin ümumi sayındakı geriləmənin əsas hissəsini təşkil edib.














