Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Maldiv Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.
FED.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu bildirilib.
Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunulub, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğulayıb.
Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
Qeyd edək ki, Maldiv Azərbaycan vətəndaşlarına gəlişdə viza (visa on arrival) təqdim edir və bu viza 30 gün müddətinə tamamilə pulsuz verilir. Əvvəlcədən onlayn qeydiyyat, konsulluqdan təsdiq və ya əlavə sənədlər təqdim etməyə ehtiyac yoxdur. Sizə sadəcə səyahətinizi planlamaq, bilet və otel bronunuzu hazırlamaq və Maldivə çatmaq qalır. Qalan bütün prosedur Maldivin beynəlxalq hava limanında, adətən paytaxt Maledə (Malé) yerindəcə həll olunur. Bu sistem viza necə alınır sualına ən sadə cavabdır: sadəcə gəlirsiniz və giriş möhürü pasportunuza vurulur.