Azərbaycan və Gürcüstan xarici bazarlarda, xüsusilə də Asiya ölkələrində ortaq turizm məhsulları təqdim edəcək.
FED.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Turizm Administrasiyasının (GNTA) rəhbəri Mariam Kvrivişvili məlumat verib.
Eləcə də bax: Gürcüstanda qumar biznesinin dövriyyəsi - 4,6 MLRD.DOLLARI ÖTÜB
Onun sözlərinə görə, hər iki ölkə regiona daha çox turistin cəlb edilməsində maraqlıdır və bu tərəflərə ortaq hərəkət etmək üçün stimul verir: “Azərbaycanla birgə bir sıra ortaq layihələrin həyata keçirilməsi nəzərdən keçirilir. Hər iki ölkə regiona daha çox turistin cəlb edilməsində maraqlıdır. Xüsusilə də Çin, Koreya, Yaponiya kimi uzaq ölkələrdən regiona gələn turistlər bir deyil, bir neçə istiqamətə səyahət etməyə meyllidirlər. Beləliklə biz güclərimizi birləşdirmək üçün fürsət yarandığını görürük. Bu, əlbəttə, bizim kommunikasiyamızın başlanğıcıdır və biz güman edirik ki, güclərimizi birləşdirmək üçün qarşıda daha çox fürsət yaranacaq”.
Azərbaycan və Gürcüstan arasında kombinə tur paketlərinin yaradılmasının bir sıra üstünlüklər verə biləcəyini deyən M. Kvrivişvili qeyd edib ki, bu sahədə hər iki tərəf birgə fəaliyyət göstərməyə hazırdır: “Ən vacib olan odur ki, hər iki ölkənin turizm nümayəndələri, özəl sektor nümayəndələri dəqiq hazırlanmış kombinə tur paketləri əldə etsinlər. Nəticə etibarilə turizm sahəsi ilə məşğul olanlar özəl sektor nümayəndələridir. Biz daha çox bu cür layihələrin həyata keçirilməsinin, turistlərə və tur operatorlarına satışının təşkilinin mümkünlüyü haqqında məlumatlandırma ilə məşğul olacağıq. Göstərəcəyik ki, bu istiqamət potensial olaraq cəlbedicidir, hər iki ölkə üçün də böyük üstünlüklər verə bilər. Əlbəttə ki, biz bunu birgə etməyə ümidvarıq”.
Tbilisidə Azərbaycan Turizm Bürosunun "Azerbijan.Travel" qonaq mərkəzinin açılmasına toxunan Mariam Kvrivişvili qeyd edib ki, bu ölkələr arasında turizm sahəsində əlaqələrin daha da inkişafına təkan verəcək: “Paytaxtımızda belə bir mərkəzin açılması bizim üçün çox xoşdur. Bizim turizm sahəsi də daxil olmaqla Azərbaycanla bir çox istiqamətdə güclü və səmimi əməkdaşlığımız var. Azərbaycan Turizm Bürosunun və Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbərləri ilə çox məhsuldar keçən görüşümüz zamanı qərar verdik ki, əməkdaşlığımızı daha da gücləndirək və hətta xarici ölkələrdə bir sıra ortaq layihələr həyata keçirək. Düşünürük ki, bu ofisin açılması bizim vətəndaşlarımız, xalqımız üçün çox önəmlidir. Bu Gürcüstan vətəndaşlarına Azərbaycana səyahət etməyə yardım edəcək. Həmçinin biz də Azərbaycanlı turistləri öz ölkəmizdə görməkdən məmnunuq”.
Mariam Kvrivişvili həmçinin bildirib ki, Azərbaycandan Gürcüstana gələn turistlərin sayı ənənəvi olaraq artır və bu ölkələr arasında turizm sahəsində müsbət dinamikadan xəbər verir.