Bu il Azərbaycan Cənubi Koreya və Ukraynada turizm nümayəndəliyi açacaq.
FED.az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqtşmid məlumat verib.
Eləcə də bax: "Ukrayna Azərbaycanla birgə sərmayələr qoymağa - HAZIRDIR"
O bildirib ki, Tbilisidə yeni turizm nümayəndəliyinin açılmasından sonra Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən turizm nümayəndəliklərinin sayı 7-yə çatıb: "Bizim hazırda 6 daimi nümayəndəliyimiz var. Tbilisidə istifadəyə verilən qonaq mərkəzi ilə bu say 7-yə çatdı. Bu yeni formatdır və qonaqlarla birbaşa qarşılıqlı əlaqədə olur və onları Azərbaycana dəvət edir. Bu il Ukrayna və Cənubi Koreyada da ofislər açılacaq. Gələn il də biz öz şəbəkəmizi genişləndirəcəyik".
F.Zenqtşmid qeyd edib ki, Tbilisidə yaradılan "Azerbijan.Travel" qonaq mərkəzi həm gürcüstanlı, həm də Gürcüstana gələn əcnəbi turistlərin Azərbaycanın turizm imkanları ilə tanış olmasına şərait yaradacaq.
"Bura Azərbaycan səyahət təcrübəsi mərkəzidir. Həm gürcüləri, həm də hər hansı bir ölkənin vətəndaşlarını Azərbaycana gəlmək üçün, təcrübə əldə etmək üçün dəvət etdiyimiz sərgi salonudur. Yeni nümayəndəliyin Tbilisinin mərkəzində olması da çox vacibdir. Çünki gürcülərin özləri Azərbaycana gəlməyə can atırlar", - deyə F.Zenqtşmid bildirib.
Qeyd edək ki, ötən gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılışı olub. Şota Rustaveli prospekti 16 ünvanında yerləşən mərkəz həftənin hər günü saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək.
Apa