“Türkiyə Azərbaycana ən çox turist göndərən ikinci ölkədir”.
İrandan Azərbaycana gələnlərin - SAYI AZALDI - RƏSMİ
FED.az xəbər verir ki, bunu İstanbulda keçirilən 26-cı Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisi (EMİTT) çərçivəsində Ankara ilə Bakı arasında inkişaf edən əlaqələrin turizmə təsiri barədə danışan Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov bildirib.
Azərbaycan ilə Türkiyə arasında son illərdə əsasən müdafiə sənayesi sahəsində böyük razılaşmaların əldə edildiyini xatırladan Bəhruz Əsgərov, iki ölkə arasında fərqli sahələrdə, eyni zamanda turizmlə bağlı əməkdaşlığın artdığını qeyd edib.
O deyib ki, Türkiyədən gələn turistlər Azərbaycanın turizm potensialında çox mühüm mövqeyə malikdir:
“Mövcud rəqəmlərə görə, Türkiyə Azərbaycana ən çox turist göndərən ikinci ölkədir”.
Türkiyədən Azərbaycana gələn turistlərin sayının 311 mindən çox olduğunu qeyd edən Bəhruz Əsgərov, qarşıdakı dövrdə bu sayın tədricən artacağını gözlədiklərini vurğulayıb:
“Qardaş ölkəmiz Türkiyədən Azərbaycana böyük maraq var. Təbii ki, burada həm tarixi bağlarımızı anlaya bilməyimiz, həm də bir-birimizi asanlıqla başa düşməyimiz çox vacibdir. Dilimiz, adət-ənənələrimiz çox oxşardır. Türkiyədən Azərbaycana gələn turist heç bir çətinlik çəkmir. Əksinə, bəlkə də ən rahat tətillərindən biri olur. Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələbi yoxdur. Onlar yalnız şəxsiyyət vəsiqəsi ilə gəlib ölkəmizdə 1 ay qala bilərlər”.
Azad edilən rayonlarda infrastruktur işlərinə çox sürətlə başlandığını bildirən Bəhruz Əsgərov deyib ki, Qarabağ, xüsusilə də Şuşaya turistlərin cəlb edilməsi üçün işlər görülür. (Apa)