Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçiriləndə bəzi otellər və turizm obyektləri qiymətləri süni surətdə artırır, bununla da qonaqlarda Azərbaycan haqqında mənfi rəy yaratmış olurlar.
Eləcə də bax: Azərbaycanda otellərin gəlirləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkənin turizm ictimaiyyətinə müraciətində bildirib. Agentlik sədri otel və digər obyektləri ölkəmiz üçün belə biabırçı hərəkətlərdən çəkinməyə çağırıb.
F.Nağıyev xatırladıb ki, Azərbaycan bu il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunları çərçivəsində 3 oyuna, eləcə də 1/4 final oyununa ev sahibliyi edəcək.
«Məlumdur ki, bu cür beynəlxalq tədbirlər turizmin inkişafında mühüm rol oynayaraq Azərbaycanın tanıdılmasına, ölkəmizə xarici turistlərin cəlb edilməsinə mühüm töhfələr verir. İyun və iyul aylarında keçiriləcək bu yarışları izləmək üçün dünyanın müxtəlif ölkələrindən azarkeşlər Azərbaycana üz tutacaq.
Məhz həmin günlər Bakı yalnız futbol həvəskarlarının deyil, bütün dünyanın diqqət mərkəzində olacaq».
Onun sözlərinə görə, artıq çoxsaylı azarkeşlər oyunları izləmək üçün uçuş biletləri və qalma yerləri daxil olmaqla Azərbaycana səfərlərini planlaşdırırlar.
Paytaxt Bakıda ulduz dərəcəsinə uyğun olaraq müxtəlif büdcəli, həm beynəlxalq, həm də yerli brendlərə məxsus hotellər və digər qalma yerləri kifayət saydadır və yarış ərəfəsində xarici qonaqların rahatlığını təmin etmək qabiliyyətindədir.
«Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda ölkəmizin imicinə xələl gətirmək üçün bəzi xarici media orqanlarında yanlış məlumatlar yayıldı, xarici qonaqlar bilərəkdən əsassız məlumatlarla Azərbaycana səfər etməkdən çəkindirilməyə çalışıldı»-deyə Agentlik sədri bildirib.
Qurum rəhbərinin sözlərindən məlum olur ki, belə halların yaranmasında yerli otellərin sahiblərinin tamahkarlığı da rol oynayıb: «Həmçinin bəzi hotel, hostel və digər yerləşmə və qalma yerləri tərəfindən süni qiymət artımı, oyunlardan xeyli əvvəl bron edilmiş yerlərin ləvğ edilərək oyunlar ərəfəsində daha yüksək qiymətlə satışa çıxarılması və bu kimi xoşagəlməz halların şahidi olduq. Vurğulamalıyıq ki, bütün bunlar ölkəmiz və insanlarımız haqqında yanlış təsəvvürlər formalaşdıraraq Azərbaycan haqqında mənfi rəylərin yaranmasına səbəb ola, eləcə də turizmin inkişafına mənfi təsir göstərə bilər».
Agentlik hotellər, hostellər, yerləşdirmə imkanlarına malik fərdi evlər və yerləşmə vasitələri hesab edilən mehmanxana tipli digər bütün obyektləri turistlərə xidmət göstərərkən bu kimi hallara yol verməməyə çağırır, ölkəmiz haqqında müsbət imicin qorunub saxlanmasına dəvət edir. F.Nağıyev bildirib ki, ölkəmizin turizm imkanlarının tanıdılması, turistlərin cəlb edilməsi, Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün genişmiqyaslı işlər görülür.
«Ancaq xarici qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılması, yenidən və dəfələrlə ölkəmizə gəlməsinə nail olmaq üçün turizm ictimaiyyətinin bütün üzvləri vicdanla və məsuliyyətlə çalışmalıdırlar. Bu məsuliyyətli işdə turizm mütəxəssislərimizin peşəkarlığına inanır, vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq».
Qeyd edək ki, ötən il Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununda olduğu kimi bu il də Avropa çempionatının final mərhələsinin qrup oyunlarında ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün Dövlət Turizm Agentliyi digər aidiyyəti dövlət orqanları ilə birlikdə fəaliyyət göstərəcək.
«Azərbaycanın müsbət imicinin formalaşması yolunda çalışan hər kəsə təşəkkür edir, ölkəmizin tanıdılmasında birlikdə daha böyük uğurlara imza ata biləcəyimizi ifadə edirik» - deyə müraciətdə bildirilir.