2025-ci ildə Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin ümumi gəlirləri ötən illə müqayisədə 41 milyon 118 min manat (-5,9%) azalaraq 653 milyon 44 min manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Gəlirlərin azalmasında əsas rolu mehmanxanaların əsas gəlir mənbəyi olan nömrə satışlarındakı kəskin azalma oynayıb. Belə ki, otaq satışından əldə edilən gəlirlər 50 milyon 747 min manat (-11,2%) azalaraq 403 milyon 798 min manata düşüb. Həmçinin ekskursiya xidmətlərindən ( 20,1 min manat və ya 15,8%) və konfrans zallarının təqdim edilməsindən (357,7 min manat və ya 3,8%) əldə olunan gəlirlərdə də azalma qeydə alınıb.
Bununla yanaşı, bəzi sahələrdə gəlir artımı müşahidə olunub. Ən böyük artım iaşə (restoran) xidmətlərində baş verib. Bu sahədən əldə olunan gəlir 7 milyon 360 min manat (4,3%) artaraq 177 milyon 418 min manata çatıb. Həmçinin müalicə-sağlamlıq xarakterli xidmətlərdən ( 1 milyon 68,1 min manat və ya +6,1%) və digər xidmətlərdən (1 milyon 578,8 min manat 3,7%) əldə edilən gəlirlərdə də artım yaşanıb.
Xatırladaq ki, 2024-cü ildə mehmanxanaların ümumi gəlirləri 694 milyon 162 min manat, otellərin nömrə satışından gəlirləri 454 milyon 544,6 min manat, iaşə xidmətlərindən gəlirləri 170 milyon 58 min manat, 17 milyon 588,9 min manat, ekskursiya xidmətlərindən gəlirləri 127,4 min manat, konfrans zallarının təqdim edilməsindən gəlirlər 9 milyon 533,1 min manat, digər xidmətlərdən gəlirləri 42 milyon 310,2 min manat təşkil etmişdi.












