Azərbaycan “Henley & Partners” şirkətinin 2024-cü ilin I rübü üçün dünya pasportlarının indeksində 2 pillə yüksələrək 72 vizasız istiqamətlə 70-ci pillədə qərarlaşıb.
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin sayı - AÇIQLANDI
FED.az xəbər verir ki, şirkətin məlumatına görə, ötən dövrdə Azərbaycan Keniya, BƏƏ və Səudiyyə Ərəbistanı ilə vizasız rejimin tətbiq olunması haqqında sazişlər imzalayıb.
Digər Cənubi Qafqaz ölkələrinə gəlincə, Gürcüstan Bosniya və Herseqovina ilə 50-ci pilləni (121 vizasız istiqamət) bölüşüb, Ermənistan isə 74-cü yerdə (68 vizasız istiqamət) qərarlaşıb.
Almaniya, İtaliya, İspaniya, Fransa, Sinqapur və Yaponiya pasportlarının sahibləri isə 194 istiqamət (227 istiqamətdən) üzrə vizasız səyahət etmək imkanına malikdirlər.
“Henley & Partners” Pasport İndeksi 199 ölkə və ərazinin viza qaydalarını təhlil edir və onları vizasız girişin tətbiq olunduğu ölkələrin sayına görə sıralayır. İndeks dünyada ən iri və dəqiq turist məlumat bazasını dəstəkləyən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) eksklüziv və rəsmi məlumatlarına əsaslanır. (İnterfaks-Azərbaycan)