Xəbər verildiyi kimi, Azərbaycan Hava Yolları şirkəti – AZAL «Uşaqlar üçün Dubaya hədiyyəli aviabilet!» kampaniyasına başlayıb.
Dubaya getmək üçün viza lazım olmayacaq - VİZA REJİMİ LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, şirkətin iki gün əvvəl elan etdiyi və sosial şəbəkələrdə geniş reklam edilən kampaniyasının şərtlərinə görə, Dubaya iki valideyn bilet alanda uşaq üçün bilet pulsuz olur.
«AZAL-ın xüsusi 2+1 təklifi sayəsində uşaqlarla tətil daha əlverişli olacaq: 11 may - 7 iyun tarixlərində böyüklər üçün iki bilet almaqla siz bir uşaq biletini pulsuz* əldə edəcəksiniz»-deyə şirkət bildirir. Uşaq biletinin yaş həddi 12 yaşa qədərdir.
Kampaniyanın şərtlərinə görə, bu fürsətdən istifadə etmək üçün biletlər mayın 11-dən iyunun 7-dək alınmalıdır, uçuş tarixləri isə 1 iyun – 15 sentyabr** tarixlərində olacaq.
Amma diqqətlə tanış olanda məlum olur ki, əslində uşaq bileti pulsuz deyil.
Belə ki, kampaniya barədə elanda kiçik qeyddə göstərilir ki, «Uşaqlara pulsuz Dubay» kampaniyası çərçivəsində əldə edilən pulsuz biletlərə - yəni uşaqlara verilən pulsuz biletə hava limanı vergiləri tətbiq olunur.
FED.az dəqiqləşdirib ki, hava limanı vergisi 195 manatdır.
Qeyd edək ki, valideynlər üçün Dubaya normal bilet 318-350 manat arasında dəyişir, belə çıxır ki, uşaqlar üçün «pulsuz bilet»ə görə ödənişin məbləği normal biletin 55-60%-i həddindədir.
AZAL-ın kampaniyasında daha bir xoşagəlməz məqam səyahət tarixləri ilə bağlıdır. Kampaniyanın şərtlərində göstərilir ki, «2+1» (yəni uşaqlara pulsuz bilet) kampaniyası 28 iyun - 2 iyul 2023-cü il tarixlərindəki səyahətlərə şamil edilmir.
Araşdıranda məlum oldu ki, həmin tarixlərdə Azərbaycanda Qurban Bayramı qeyd ediləcək, yəni əsl səyahət pəncərəsi açılacaq və uçmaq istəyənlərin sayı artacaq. AZAL-ın kampaniyasında həmin «pəncərə» bağlı olacaq».