"Azərbaycan Hava Yolları" (AZAL) və “Boeing” Korporasiyası bu gün beş “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib.
FED.az xəbər verir ki, "AZAL"ın prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalisterin imzaladığı sazişin dəyəri 1,9 milyard dollardır. Yeni təyyarələr 2019-2020-ci illərdə gətiriləcək. Saziş “Dubai Airshow 2017” beynəlxalq aerokosmik sərgi çərçivəsində imzalanıb.
"Əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək”, -deyə AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov bildirib.
“Boeing” rəhbərliyi də bu sazişdn razı qalıb: "Biz "AZAL"ın “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndiririk”, - Kevin Makalister bildirib.
“AZAL” MDB-nin aviasiya liderlərindən biridir. Şirkət 25 ölkədə 40 şəhərə uçur. 2016-cı ildə “AZAL” 2 milyondan çox sərnişin daşıyıb.
AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkət "Boeing" Korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX”təyyarələri əlavə olunacaq.
"Azərbaycan Hava Yolları" həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini uğurla istismar etməyə davam edir.
AZAL “Boeing”dən 5 yeni təyyarə alacaq – 1,9 milyard dollara
16:39
12 Noy 2017