Novruz tətili ilə əlaqədar rayonlardakı hotellərdə yerlərin 70 faizi dolub.
Eləcə də bax: Novruz bayramında Azərbaycan otellərində - QİYMƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.
Pandemiyaya görə xarici ölkələrə gediş-gəliş məhdudiyyəti olduğu üçün, vətəndaşlarımız Novruz tətilini daha çox ölkə daxilində keçirməyə üstünlük verəcək.
"Turistik cəhətdən formalaşmış, infrastrukturu olan bölgələrə tələbat daha çox olur. Amma digər regionlarımızda da canlanma müşahidə edilir. Bəzən görürük ki, hotellərdə düzgün qiymət siyasəti aparılmır. Bəzi beş ulduzlu hotellərdə gündə üç dəfə yemək verilməklə günü 400 manatdır. Bu da üç-dörd gün ərzində xeyli vəsait edir. Bu səbəbdən regionlarda yerləşən bəzi hotellər qiymətləri vətəndaşların imkanına uyğun etsələr, yaxşı olar.
Bu günə olan məlumata görə, 21-24 mart tarixlərinə yerlərin artıq 70 faizi bron edilib. Hotelləri bron edənlərin 7 faizi xarici vətəndaşlardır. Xarici vətəndaşlar arasında üstünlüyü ərəb ölkələrindən gələnlər təşkil edir. Sərhədlərin bağlı olması xarici turistlərin sayına mənfi təsir göstərir. Bununla yanaşı regionda baş verən müharibə də turizmə mənfi təsir edir," - deyə S.Dübəndi bildirib. (Trend)