Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi Qubadakı «Quba Golden Hotel»inə mehmanxanaya 200 min manat güzəştli kreditin ayrılması barədə açıqlama yayıb.
«Quba Golden Hotel» təqribən 10 il əvvəl Qubadakı uşaq bağçasının bazasında yaradılıb. Özəlləşdirmə nəticəsində bağçanı özəlləşdirən sahibkar İlham Quliyev turizm biznesinin inkişaf etdiyinə fikir verib və burada otel yaratmağı qərara alıb.
3 il əvvəl isə iş adamı Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 200 min manatlıq güzəştli kredit alıb.
İ.Quliyev bildirir ki, bu vəsait ona biznesini dirçəltməyə imkan verib. Hazırda isə biznesi genişləndirmək üçün yeni vəsaitlərə ehtiyac var. İş adamı FED.az-a planları və hazırda üzləşdiyi çətinlikləri açıqlayıb.
- İlham müəllim bu oteli nə vaxt yaratmısınız?
- Əslində bura uşaq bağçası idi, mənim anam uzun müddət burada çalışıb. 2007-ci ildə onu özəlləşdirməyə çıxardılar, mən alıb özəlləşdirdim. Bura 1-2 mərtəbəli tikililər idi. Mən 3-cü mərtəbə əlavə elədim, zalları söküb arakəsmələrlə otaqlar yaratdıq. Bunların hamısını öz gücümüzlə elədik. İşlərin hamısını öz briqadamızla elədik, ki artıq xərcə yol verməyək, çünki imkanımız böyük deyil.
- Bəs güzəştli krediti nə üçün götürmüşdünüz?
- 3 il bundan əvvəl oteldə işlərin 80%-i bitmişdi, 20% işləri tamamlamaq üçün vəsait lazım idi. Müraciət elədim İqtisadi İnkişaf Nazirliyinə, Fonda, güzəştli krediti Beynəlxalq Bankdan götürdüm.
- Vəsaitin ayrılması prosesində çətinlik olmadı ki?
- Heç bir çətinlik olmadı, müraciət etdim, Fond və Beynlxalq Bank sağ olsunlar, pulu ayırdılar. Düzdür, birdən ayırmadılar - 15 000-15 000 manatlıq hissələrlə verdilər, amma normal idi, işlərimi bitirdikcə götürürdüm.
- Bu vəsait sizə işlərinizi bitirmək üçün kifayət etdimi?
- Bilirsiniz, mehmanxanaya bundan 10 dəfə artıq pul xərclənib. Pulu ayıranda da İqtisadi İnkişaf Nazirliyindən və bankdan dörd dəfə gəlib monitorinq keçirtdilər. Baxdılar ki, burada 80% iş görülüb, 20% üçün işlər qalıb. Pulu ayırdılar.
- Güzəştli müddətdən istifadə etdiniz?
- İstəmədim, dərhal ödəməyə başladım, vaxtında, hətta vaxtından da on gün qabaq. Ayda 6100-6200 manat kredit qaytarıram.
Amma istəyirəm ki, bunu qaytarandan sonra da yenə kredit götürüm, çünki bəzi işlərim və çətinliklərim qalıb. Onları həll etməliyəm.
- Əlavə kredit başqa hansı işlər üçün tələb olunur?
- Otelimizin qonaqları artır və onlara əlavə xidmətlər göstərməliyik. Deyim ki, mehmanxanada, maşallah, həmişə qonaqlarımız var. Quba rayonunda reytinqə görə ikinci yerdəyik, qonaqların yazdığı şərhlər və verdikləri reytinqə görə. Bu iki il ərzində bir nəfər də olsun buradan narazı getməyib. Gələn xarici qonaqlar hamısı yüksək səviyyədə rəy yazıblar, mən deməklə deyil, «booking» sistemində yazılıb, baxa bilərsiniz.
- Ən çox qonaqlarınız haradan gəlir?
- Qonaqlar ən çox ərəblər olur, bu yay bütün ərəblər olub. Bu il Səudiyyə Ərəbistanından çox turist gəldi, bütün yayı otelimiz turistlərlə dolu oldu. Azərbaycanlılar da gəlir, ərəblər, xarici qonaqlar – türk, ingilis, alman, amerikan gəlir, hamısı da xoş əhval-ruhiyyəylə gedirlər. İndi isə daha çox ezamiyyətdə olanlara xidmət edirik. Otelimiz Qubanın içərisində olduğu üçün bu baxımdan əlverişlidir. Amma bəzən turistlərə tələb olunan məsələləri qarşılaya bilmirik.
- Məsələn, hansı məsələləri?
- Məsələn, bizim oteldə restoran yoxdur, ona görə də biz kiçik bir sahədə 8 stolluq yerdə yalnız İsveç masası olaraq səhər yeməyi verə bilirik. Müştərilər restoran istəyəndə məcbur başqa yerə göndərirəm. Hər ay təqribən 50-60 müştərini başqa restoranlara göndərirəm. Restoranımız olsa, onlara özümüz xidmət göstərib əlavaə qazanc əldə edə bilərik.
Çamaşırxanam yoxdur, yataq dəstlərini başqa yerdə yudurtmaq lazım gəlir, kilosu 20 qəpikdən.
- Bunun üçün əlavə nə qədər xərciniz olur?
- Hazırda hər ay çamaşırxana xidmətləri üçün 700-800 manat vəsait xərcləyirik. Öz camaşırxanamız olsa, buna qənaət edərik, üstəlik biz özümüz bu xidməti başqa otellərə göstərib ayda bir neçə min manat gəlir əldə edə bilərik.
Bundan başqa transformatorum yoxdur onu quraşdırmaq üçün azı 32 min manat tələb olunur.
- Transformatoru quraşdırmaq üçün 32 min manat tələb olunur? Sizin işıq xəttiniz varsa, transformator nə üçün lazımdır?
- Hazırda biz bu məsələdə böyük çətinlik yaşayırıq. Bizim otelin işıqları əhali üçün nəzərdə tutulan enerji xəttinə və məhəllənin transformatoruna qoşulub. Burada fazalar dəyişdikcə, bizim cihazlara təhlükə yaranır, hər dəqiqə generatorumuz işə düşür. Təsəvvür edin gündə 10-15 dəfə generator işə düşüb dayanır. Yəni bu səbəbdən o da sıradan çıxa bilər. Üstəlik dizel yanacağına da böyük xərcim çıxır. Amma otelin öz transformatoru olsa 3 faza və sabit 220 Volt gərginliyimiz olacaq.
Amma transformator üçün ümumilikdə 32 min manat tələb olunur. Bunun 1-2 min manatı kabelin çəkilişinə və sair işlərə, 30 min manat isə icazəyə gedir.
- İlham müəllim, tək icazə üçün 30 min manatlıq məbləğ baha deyil?
- Əlbəttə bahadır. Gəl indi ondan baş aç ki, mən dövlətdən işıq istəyirəm, pulumla işıq alıram, transformatorun da maya dəyəri 1500 manatdır. Məsələn, zavod bunu buraxır, satsınlar mənə 2000-ə, lap 2 min manata, bu 30 min nədir, başa düşmürəm. İşıq xəttini özüm çəkirəm, öz xərcimlə, gətirirəm həyətimə, transoformatoru qoyub öz işığımla istifadə eləyib pulunu da özüm ödəyirəm. Amma əvəzində məndən 30 min istəyirlər. Fikrimi çatdıra bilirəm?
- İlham müəllim, bu sadaladığınız məsələlərə görə nə qədər vəsait tələb olunur?
- Dediyim kimi, restoran, camaşırxana və indi də hovuz inşa etmək istəyirik. Hovuz olsa, xidmətin sırası artdığına görə, qiyməti də bir qədər artırmaq olar.
Bundan başqa, mehmanxananı genişləndirmək istəyirik. Yaxınlıqda poçtun binası var, özəlləşdirməyə çıxarılıb onu almaq istəyirik.
- Sizin mehmanxananız neçə otaqlıdır və onu necə dəyişmək istəyirsiniz?
- Otelimizdə 5 apartament nömrəsi var, sahəsi 110 kvadratdır, 3 yataq otağı ilə 8-10 nəfərlikdir.
Bundan başqa, 3 korpusda ümumilikdə 28 nömrəmiz var. Biz əlavə olaraq daha 28 otaq inşa etmək istəyirik. Bütün bunlar və yuxarıda sadaladhığım məsələlər üçün bizə 500 min manata yaxın kredit tələb olunur.
- Bütün bu işlərə nə qəər vəsait, kredit tələb olunur?
- Restoran tikmək, çamaşırxana, hovuz, transformator qoymaq üçün ümumilikdə 400-500 min manat kreditə ehtiyacımız var.
Kredit üçün müraciət edəcəm. Çünki turizmin inkişafı üçün indi hörmətli prezidentimizin göstərişləri var ki, sahibkarlara dəstək verilsin. Problem odur ki, aldığım kreditin 120 min manatı hələ qalıb. İstəyirəm ki, 500 min manat götürüb, onun 120 minini əvvəlki krediti bağlayım, 380 min manat da öz problemlərimi həll edim, biznesi genişləndirim.
Mən istəyirəm yoldaş Mikayıl Cabbarova məktub yazım, problemlərimi çatdırım. Müraciət edəcəyik, kredit ayırsalar yaxşı olar, ayırmasalar, gərək yavaş-yavaş öz gücümüzlə edək.