Uzun illərdən bəri Avropanın ən çox miqrantlar olan ölkəsi sayılan Almaniya miqrantların kəskin çatışmazlığı ilə üzləşib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Almanina İqtisadiyyat İnstitutunun (IW) araşdırmasına görə, Almaniyanın demoqrafik sektorunda böyük problemlər başlayıb.
Belə ki, ölkəyə xaricdən köçənlərin sayı az qala 3 dəfə azalaraq 2023-cü ildəki 663 000 nəfərdən, 2025-ci ildə 235 000 nəfərə düşüb.
Bu da pandemiya illərini nəzərə almasaq, 2010-cu ildən bəri ən aşağı səviyyədir.
İnstitutun mütəxəssisləri araşdırıblar ki, baş verən dəyişikliklər 3 əsas səbəblə bağlıdır.
Birincisi Almaniyaya sığınacaq tapmaq üçün gələnlərin (Avropadan kənar ölkələrdən gələnlərin) sayı kəskin azalıb. 2023-cü ildə ölkədə sığınacaq üçün 329 000 nəfər müraciət etmişdisə, 2025-ci ildə bu rəqəm 113 000-ə enib. Bu, həm Almaniyada sığınacaq prosedurlarının daha mürəkkəb olması, həm də qaçqınların ən çox gəldiyi Suriya kimi ölkələrdə vəziyyətin sabitləşməsi ilə əlaqədardır.
İkinci səbəb Avropa Birliyinin özündən Almaniyaya miqrant işçilərin axınının dayanması, hətta əks prosesin başlanmasıdır. Belə ki, 2023-cü ildə Almaniyaya Avropanın özündən 42 000 nəfər işləmək üçün köçsə də, 2025-ci ildə Almaniyanın özündən Avropanın digər ölkələrinə 45 min nəfər köçüb.
Belə ki, Rumıniya və Bolqarıstan kimi Şərqi Avropadan olan işçilər əvvəllər iş dalınca Almaniyaya gəlirdilər. İndi isə bu adamlar iqtisadi boşluqların azalması və öz ölkələrində işçi qüvvəsinə artan tələbat səbəbindən öz ölkələrinə qayıdırlar.
Nəhayət, üçüncü səbəb Almaniya vətəndaşlarının ölkənin tərk etməsidir. 2023-cü ildə Almaniyanın 74 000 vətəndaşı ölkəni tərk edib, 2025-ci ildə isə ölkəni tər edənlərin sayı 97 min nəfərə yüksəlib.
İqtisadiyyat və pensiya sistemi üçün «baş ağrısı» başlayıb.
Almaniyada əhali axını ilə bağlı yaranmış vəziyyəti ölkə iqtisadiyyatına təsir edə biləcək həddə çatıb. Doğrudur, ixtisaslı əmək miqrasiyası hələlik sabitdir. Yəni işləmək üçün yaşayış icazələrinin payı 2023-cü ildəki 13,6%-dən indi 15,6%-ə yüksəlib. Amma iqtisadçılar artan təhlükələr barədə xəbərdarlıq edirlər.
Əsas problem əhalinin qocalması və bumer nəslinin təqaüdə çıxmasıdır. IW hesablamalarına görə, doğum nisbətinin aşağı olması səbəbindən Almaniya əmək bazarı 2036-cı ilə qədər 4,3 milyon əmək qabiliyyətli insanı itirəcək və bu çatışmazlıq təkcə yüksək ixtisaslı mütəxəssislərə deyil, həm də sadə işlərdə özünü göstərəcək.
Xalis miqrasiyanın azalması Almaniyanın sosial təminat modelinə, ilk növbədə pensiya sisteminə risk yaradır.
Məsələ bundadır ki, Almaniyanın pensiya sistemi əmək haqqı əsasında fəaliyyət göstərir, yəni təqaüdçülərə edilən pensiya ödənişləri hazırda işləyənlərin vergiləri hesabına edilir. İşləyənlər azaldıqca və pensiyaçılar çoxaldıqca, pensiya sistemində gərginlik yaranacaq.
Doğrudur, analitiklər hesab edir ki, gələcəkdə miqrasiya qaydalarını yumşaltmaqla Almaniya xaricdən daha çox işçi cəlb edə bilər. Bununla yanaşı, institut əməkdaşları bildirir ki, ənənəvi mənbə ölkələrinin (yəni işçilərin gələcəyi gözlənilən ölkələrin) özlərində də ciddi demoqrafik böhran, işçi qıtlığı yaranır, ona görə də həmin ölkələrdən gələnlərin sayının artmasına ümid etmək lazım deyil.













