Aprelin 1-dən Qazaxıstanın "FlyArystan" aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakıya birbaşa uçuşlar həyata keçirəcək.
FED.az aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, biletlərin satışına artıq başlanılıb.
Aktaudan Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa uçuşlar cümə və bazar günləri yerinə yetiriləcək.
Bir tərəfə uçuşun qiyməti 19 min tenqedən (66 manat) başlayır. Qiymətə 5 kq əl yükü daxildir.
"FlyArystan"ın satış və marketinq direktoru Mədinə Bujinovanın sözlərinə görə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstana mövcud reyslərdən sonra aviaşirkət tezliklə Azərbaycanın paytaxtı Bakıya da uçuşlar həyata keçirəcək.
"Aktau sakinləri ilə yanaşı, Bakı şəhəri həmçinin, Atırau sakinləri üçün də əlçatan olacaq. Onlar üçün sərfəli qiymətlərlə birləşdirici reyslər təklif etməyə hazırıq", - deyə M. Bujinova əlavə edib. (Apa)