Avropanın doqquz ölkəsi – Latviya, Litva, Estoniya, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Niderland rusiyalı turistlərdən sənəd qəbulunu dayandırıb.
Eləcə də bax: Ötən ay Azərbaycana ən çox turist Rusiya və Türkiyədən - GƏLİB
FED.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya turist operatorları assosiasiyasına istinadla məlumat yayıb. Bununla yanaşı, bəzi ölkələr Rusiya vətəndaşlarına viza verilməsini davam etdirir. Turoperatorlar bildirirlər ki, bu sıraya Aİ-nin İtaliya, İspaniya, Yunanıstan, Fransa, Macarıstan və Kipr kimi loyal üzvləri daxildir. Lakin söhbət şengen vizalarından deyil, milli vizalardan gedir.
Xatırladaq ki, Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması barədə Avropa İttifaqı Şurasının qərarı sentyabrın 12-də qüvvəyə minib. Bundan sonra Rusiya vətəndaşları vizanı rəsmiləşdirmək üçün 35 avro əvəzinə 80 avro rüsum ödəyəcək və daha çox sənəd toplamalı olacaq. Həmçinin konsulluqların viza müraciətləri ilə bağlı qərar vermə müddət 10 gündən 15 günə, bəzi hallarda isə 45 günə qədər artırılacaq. (Azərtac)