Nəinki ölkəmizdə, eləcə də bütün dünyada məşhur olan Naftalan öz unikal müalicəvi əhəmiyyətə malik olan nefti ilə məşhurdur. Bu neftin dünyada analoqu yoxdur və ondan 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Xüsusən onun hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır.
Naftalan neftinin sanatoriya-kurort müəssisələrinə paylanılması qaydaları təsdiqlənib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda Naftalanda beynəlxalq standartlara cavab verən 3-ü beş ulduz olmaqla ümumilikdə 20 hotel və müalicə sağlamlıq mərkəzi fəaliyyət göstərir. Turizm obyektləri gün ərzində 4000-dən çox qonağa xidmət göstərmək imkanına malikdir. Bu, Bakıdan sonra regionlar üzrə qonaqların gecələmə sayına görə yüksək rəqəmlərdən sayılır.
Son illər Naftalana gələn turistlərin sayında artım qeydə alınır. Təkcə 2025-ci ildə Naftalana 44 mindən çox turist səfər etmişdir ki, onlardan da 18 min nəfəri dünyanın 53 ölkəsindən olan vətəndaşlardır. İlk üçlükdə Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstandan gələn turistlər olmuşlar. 2026-cı ilin birinci rübü ərzində də şəhərə gələn turistlərin sayında artım qeydə alınmışdır. 3 ayda Naftalana 8821 nəfərdən çox qonaq gəlmişdir. Onlardan 3222 nəfəri xarici turistlərdir. (Azərbaycan qəzeti)














