Xəbər verildiyi kimi, dekabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.
İlham Əliyev və Mehriban Əliyeva “The Ritz-Carlton Baku” otelinin - AÇILIŞINDA - FOTOLAR
FED.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına oteldə görülən işlər barədə məlumat verib.
Bildirildi ki, Şabran rayonunun Pirəbədil kəndində yerləşən kompleks paytaxt Bakıdan 147 kilometrlik məsafədədir. Kompleksin ərazisində 12,6 hektar sahədə inşa olunan otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.
Kompleks Azərbaycanda Hindistanın qədim təbabət sistemi – Ayurveda ilə müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma (toksinlərdən azadolma) mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya metodları təklif edilir.
“Ayurveda Spa” mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz vardır. Burada, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Mərkəzdə şəfalı Pançakarma prosedurları, Pranayama seansları, yoqa və həyat tərzi üzrə təlimlər təşkil olunacaq.
Eyni zamanda, kompleksdə “Rübai”, “Ahəng”, “Ocaq” restoranları, “Misra Lobby Lounge”, “Badə Lounge Bar”, “Aura Cafe”, müxtəlif əyləncə və oyun otaqları fəaliyyət göstərəcək.
Oteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik “Bayatı” və “Şiraz” konfrans zalları yaradılıb. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərəcək kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün kotteclər də nəzərdə tutulub.
Qeyd edək ki, Şabran rayonu turizm marşrutları üzrə mühüm istiqamətlərdən biri olmaq potensialına malikdir. Odur ki, artan tələbata uyğun olaraq rayon ərazisində infrastrukturun formalaşdırılması əsas vəzifələrdən biridir.