Azərbaycanda təchizatçıların nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız hesab edildiyi hallar müəyyən edilir.
Azərbaycanda təchizatçıların dövlət satınalmalarında iştirakına yol verilmədiyi hallar müəyyənləşir - SİYAHI
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.
Belə ki, təchizatçılar müəyyən edildiyi hallarda həmin halların aşkar edildiyi gündən 5 iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 təqvim ili ərzində 3 və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunacaq.
Bundan başqa, bu Qanunun 16.1-ci maddəsində qeyd olunan hallar nəzarət orqanı tərəfindən aşkar edildikdə təchizatçılar nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunacaq.
Etibarsız təchizatçılar nəzarət orqanı tərəfindən etibarsız təchizatçıların reyestrinə daxil edilirlər və bu barədə məlumatlar portalda yerləşdirilir.
Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti bu Qanunun 14.2.8-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.