“Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən hazırlanan yeni - “Təhsil kreditləri haqqında” qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını – onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək. Bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur”.
Banklar kimlərə kredit vermir? – BANKİRLƏ MÜSAHİBƏ
Bunu FED.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Komitə sədri bildirib ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına töhfə verəcək.
“Artıq xeyli vaxtdır ki, cəmiyyətdə təhsil kreditləri ilə bağlı məsələ gündəmdədir. Bununla bağlı parlamentdə müəyyən təkliflər irəli sürülüb. Komitə də belə bir layihənin hazırlanması üçün dünya təcrübəsini öyrənməyi, ölkə reallığını nəzərə alaraq, “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlamağı nəzərdə tutur”.
İsa Həbibbəyli Təhsil Nazirliyinin nəzdində “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyət göstərdiyini xatırladıb:
“Məndə olan məlumata görə, bir çox tələbəyə bu fond vasitəsilə kredit verilib. Onu da deyim ki, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyə imkanları geniş deyil. Ancaq ümid edirəm ki, “Təhsil kreditləri haqqında “qanun tələbələrin maliyyə çətinliyini aradan qaldıracaq. Hazırda qanunla bağlı axtarışlarımızı davam etdiririk. Bu məsələdə əsas çətinlik sənədin maliyyə tutumlu olmasıdır. Bu məsələ üçün böyük kapital, maliyyə lazımdır. Ona görə də bu məsələnin müsbət həlini tapmasında iş adamlarından, sahibkarlardan, bank sektorundan ciddi təkliflər, təşəbbüslər gözləyirik. Birincisi, həmin vəsaitlər sonradan müəyyən faizlər əlavə olunmaqla, onların özlərinə qayıtmış olacaq, ikincisi, onların ayırdıqları vəsaitlər ölkənin gələcək inkişafına, Azərbaycanın təhsilli gəncliyinin formalaşmasına bir stimul, kömək olacaq. Bu baxımdan, iş adamları, bankirlər bu məsələyə ciddi maddi dəstək verməlidirlər. Bütün hallarda belə bir qanunun qəbulunu vacib hesab edirik və inanırıq ki, yaxın gələcəkdə bu məsələ öz müsbət həllini tapacaq”.
Komitə sədri qeyd edib ki, bu yöndə qanun layihəsinin qəbul edilməsi təklifini ilk dəfə deputat həmkarları Vahid Əhmədovla Əli Məsimli səsləndiriblər:
“Onlar hətta birlikdə “Təhsil kreditləri haqqında” qanun layihəsinin ilkin variantını da hazırlayıb parlamentə təqdim ediblər. Biz bu qanun layihəsinin hazırlanması zamanı komitə üzvləri ilə yanaşı, onların da təkliflərini nəzərə alacağıq”.