Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 mindən artıq namizəd iştirak edib.
FED.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu il ilk dəfə olaraq 5 mindən artıq namizədi eyni anda imtahan edə biliblər.
"Builki imtahanlarımız əvvəlki illərlə müqayisədə həm təşkilatçılıq, həm də nəticələr baxımından bizi qane edir. Sadəcə riyaziyyat fənni üzrə sual müəlliflərindən biri bizə verdiyi sualları ictimaiyyətə təqdim edib. Onunla bağlanmış müqavilə çərçivəsində müvafiq iş aparılıb. Bəzən deyirlər ki, imtahan çətindir. Bu, düzdür. Lakin məqsəd də ən yaxşıları seçməkdir. İnanıram ki, müsabiqədən keçən namizədlər öz sahələrinə həqiqətən də bələddirlər".
Nazir qeyd edib ki, müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir: "Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
Onun sözlərinə görə, bu kimi hallar başqa ölkələrdə də baş verir: “Təhsil Nazirliyi də zərərçəkənlər sıradadır. Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllimlər də buna əməl etməlidir”.
Suallar üçüncü tərəfə, o cümlədən kurslardan birinə də təqdim edilib. Müəllimin sualları pul qarşılığında və ya digər niyyətlərə görə üçüncü tərəfə təqdim edəcəyi araşdırılacaqdır. (Marja)