Azərbaycanda ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyən edilib.
FED.az xəbər verir ki bu barədə Tarif Şurası qərar qəbul edib.
Qərara əsasən orta ixtisas təhsili müəssisələrinə (kollleclərə), ali təhsil müəssisələrinin bakalav və magistr səviyyələrinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilib və yeni tarifləri müəyyənləşdirilib.
Tarif Şurasından bildirilib ki, qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq güzəştli təbəqə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Yeni tariflər hələlik qüvvəyə minməyib.
Yeni tariflər imtahan iştirakçılarına güzəştlər və digər maliyyələşmə məsələləri ilə bağlı Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan qərar layihəsi Nazirlər Kabineti tərəfindən qəbul olunduqdan sonra qüvvəyə minəcək.
Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.