İxtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr münasib qiymətə yataqxana və ev axtarışına çıxırlar. Yataqxana qiymətləri şəraitinə görə fərqlənir.
Tələbə yataqxanası tikmək neçəyədir? – HESABLAMA, MƏBLƏĞ
FED.az xəbər verir ki ,ölkənin ilk və ən böyük təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) beşmərtəbəli tələbə evində 1 nəfərin aylıq ödənişi 75 manatdır. Bu yataqxana 220 yerlikdir. BDU-nun vaxtilə 3 min yerlik yataqxana inşa etmək layihəsi isə hələlik kağız üzərində qalıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetdən verilən məlumata görə, paytaxtda bu təhsil ocağının 5 tələbə yataqxanası var. Lakin bu yataqxanalardan 4-də məcburi köçkün ailələri məskunlaşıb. Universitetin 5 nömrəli yataqxanası isə qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir.
Memarlıq və İnşaat Universitetinin yataqxanası isə 450 tələbəni yerləşdirmək imkanına malikdir.
Azərbaycan Dillər Universitetinin 205 yerlik yataqxanasında yalnız qızlar qala bilir və aylıq ödəniş 30 manatdır.
Dövlət Neft və Sənaye Universitetinindən isə bildirildi ki, 320 yerlik yataqxananın təmir olunması nəzərdə tutulur və hazırda tələbə yerləşdirilməsi aparılmır.
Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Texniki Universitetin mövcud olan 5 yataqxanasında da məcburi köçkünlər məskunlaşdığı üçün tələbələr istifadə edə bilmirlər.
Lənkəran Dövlət Universitetində qızlar və oğlanlar üçün 2 tələbə yataqxanası var. Qızlar yataqxanası 160, oğlanlar yataqxanası isə 250 yerlikdir. Yataqxanaların aylıq ödənişi 60 manatdır.
Artıq ikinci il yeni tələbələrini qarşılayacaq olan Qarabağ Universitetində isə tələbələr yataqxana üçün heç bir ödəniş etmirlər.
Paytaxtda yerləşən bəzi özəl universitetlərin də yataqxanaları mövcuddur. Qiymətlər isə 100-150 manat arasında dəyişir.
Təhsilin İnkişafı Fondundan verilən məlumata görə, hazırda universitietlərin tələbə yataqxanaları ilə bağlı texniki-iqtisadi əsaslanma işləri aparılır. Bu sahəyə investorların cəlb edilməsi və dayanıqlı əməkdaşlıqların qurulması əsas hədəflərdəndir. Bu istiqamətdə artıq “BP Azərbaycanla” əməkdaşlıq memorandumu imzalanıb (Xəzərxəbər).