Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” barədə qərarda dəyişiklik edib.
Eləcə də bax: Ən gənc elmlər doktoruna 5 min manat - MÜKAFAT VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Qeyd edilib ki, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir.
Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 14,70 manat, dosent və ya fəlsəfə doktoru üçün 10,70 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 7,20 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 9,40 manat, geyimsiz naturada isə 15,50 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.
Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.